Azərbaycanlı şair “Mayakovski” ordeni aldı
16 aprel 2009 16:30 (UTC +04:00)

Azərbaycanlı şair “Mayakovski” ordeni aldı

Kiminə düşdü haqq yolu,
Kiminə dustaq yolu
Dünyanın ən uzaq yolu
Şuşadan Allaha qədər.

Bu sətirlərin müəllifi, Şuşada doğulmuş, texnika elmləri doktoru, keçmiş SSRİ-nin ən gənc professoru adını almış Elçin İsgəndərzadə poeziya sahəsində də uğurlarını artırıb.

Rusiyanın paytaxtı Moskva şəhərindəki Beynəlxalq Jurnalistlər İttifaqının konfrans zalında Elçin İsgəndərzadənin “Krılatıy etüd” kitabının təqdimatı və yüksək mükafata təqdim olunması mərasimi keçirilib.

Rusiya Yazıçılar İttifaqının Moskva şəhər təşkilatının sədri Vladimir Poyarinov mərasimdəki çıxışında “Elçin İsgəndərzadə yaradıcılığının mənim tərəfimdən müşahidə olunan, başqalarından fərqli səciyyəvi xüsusiyyəti onun metaforasız, bənzətməsiz, müqayisəsiz, Allah necə veribsə elə yazmasıdır” – deyib və əlavə edib: “Qəribədir və qəribə olduğu qədər də sevindiricidir. Rusiya poeziyasında da belə situasiyalar olur. Bu, Yesenin ənənəsidir, bir az sonra Rudsovskaya ənənəsi oldu. Həmin ənənə Elçin İsgəndərzadə poetikasında təkrar doğdu”.

Poyarinov daha sonra mükafatı elan edib: “Azərbaycan və Rusiya ədəbiyyatına verdiyi töhfəyə, bu sahədə əvəzsiz xidmətinə görə, Elçin İsgəndərzadə Rusiya Yazıçılar ittifaqı, Rusiya Yazıçılar İttifaqının Moskva təşkilatı, Tərcüməçilər İttifaqının qərarı ilə “Mayakovski” ordeninə layiq görülür”.

“Moskovskiy literator” qəzetinin baş redaktoru, İvan Qolubniçıy və digər çıxış edənlər Elçin İsgəndərzadə yaradıcılığındakı barış, qardaşlıq xəttinin ana xətt olduğundan danışdılar.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun həmyerlimizə verdikləri yüksək qiymətə və ordenə görə Rusiya Yazıçılar İttifaqına təşəkkür məktubu oxundu.

Rusiya Yazıçılar Birliyinin azərbaycanlı üzvləri Sabir Azəri, Sultan Mərzili, Nəsib Nəbioğlu da Elçin İsgəndərzadəyə yaradıcılıq uğurları arzuladılar.

Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru Eldar Quliyev “xalqların birləşməsi və tanınmasında sərhəd tanımayan ədəbiyyat və onun yolçularının əvəzolunmaz xidmətini təqdirə layiqdir”, - dedi. O, təmsil etdiyi diaspor təşkilatı adından Elçin İsgəndərzadənin timsalında Azərbaycan adını yüksəldən yaradıcı insanlara təşəkkürünü bildirdi.

Tünzalə Vəliqızı,

Moskva
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1849

Oxşar yazılar