Səkkiz il davam edən məhkəmə çəkişmələri, ağrılı ayrılıq və övladları ilə münasibətlərinin pozulması Bred Pittin həyatında dərin izlər buraxıb.
Lent.az xəbər verir ki, Hollivud ulduzu Ancelina Colidən boşandıqdan sonra həyatının ən çətin dövrlərindən birini necə keçirdiyini açıqlayıb.
Aktyor San-Sebastyan Film Festivalında yeni filmi "Heart of the beast" haqqında verdiyi müsahibədə bildirib ki, bu müddətdə ona ən böyük dəstəyi dostları və yaxınları göstərib. Pitt çətin günlərdə böyük qələbələr haqqında düşünmək əvəzinə, kiçik addımlarla irəliləməyin vacibliyini vurğulayıb.
“Ən qaranlıq günlərimi xatırlayanda anlayıram ki, daha çox yaxın münasibətlərimə güvənmişəm. Dostlarım, həqiqətən yaxın olduğum bir neçə insan və ailəm vardı. Çətinliklərimi onlarla açıq şəkildə bölüşürdüm. Səni sevən, dəstəkləyən və sənin də eyni hissləri bəslədiyin insanlarla səmimi ola bilmək hər şey deməkdir. Tamamilə hər şey”, – Pitt bildirib.
Aktyor "Heart of the beast" filmində xüsusi təyinatlı qüvvələrin veteranını canlandırır. Onun qəhrəmanı hidroplan qəzasından sonra Odin adlı xidməti itlə birlikdə Alyaskanın vəhşi təbiətində 60 mil uzunluğunda çətin yolu qət etməli olur.
Film üzərində iş aktyoru şəxsi həyatında yaşadığı itkilərə və ağrılara fərqli nəzər salmağa vadar edib. Çəkilişlərdə iştirak edən sağqalma mütəxəssislərinin məsləhətləri isə onda xüsusi təəssürat yaradıb.
“Onlar bizə deyirdilər ki, hər şey kiçik qələbələrdən ibarətdir. İtkilərlə üzləşəcəksən, ağrı yaşayacaqsan, amma əsas məsələ növbəti kiçik qələbəyə çatmaqdır. Düşündüm ki, bu, həyata çox bənzəyir. Çətinliklərlə və sınaqlarla qarşılaşanda bütün mənzərəni birdən görməyə çalışmaq əvəzinə, sadəcə növbəti addımı atmaq vacibdir”, – aktyor izah edib.
Pitt və Colinin münasibətləri 2004-cü ildə "Mr. & Mrs. Smith" filminin çəkilişləri zamanı başlayıb. 2005-ci ildə aktyor Cennifer Enistondan boşanıb və qısa müddət sonra Coli ilə birlikdə Hollivudun ən çox müzakirə olunan cütlüklərindən birinə çevrilib. Onlar 2014-cü ildə Fransada övladlarının iştirakı ilə ailə qurublar.
Lakin 2016-cı ilin sentyabrında Coli boşanmaq üçün məhkəməyə müraciət edib. Buna Fransadan Los-Ancelesə uçan şəxsi təyyarədə baş verən münaqişə səbəb olub. Aktrisa keçmiş həyat yoldaşını fiziki və psixoloji zorakılıqda ittiham edib. Pitt isə ittihamları rədd edib.
FTB aktyora qarşı ittiham irəli sürməyib, Los-Anceles dairəsinin Uşaq və Ailə Xidmətləri Departamentinin araşdırması da zorakılıq faktının müəyyən edilməsi olmadan başa çatıb. Cütlüyün boşanması yalnız 2024-cü ilin dekabrında, səkkizillik məhkəmə çəkişmələrindən sonra rəsmiləşib. Bu müddətdə tərəflər arasında Fransadakı "Cateau Miraval" üzümçülük mülkü ilə bağlı da mübahisələr yaşanıb.
Britaniya mediasının məlumatına görə, Pitt çətin dövrdə psixoterapiyaya müraciət edib, Anonim Alkoqoliklər Birliyinin toplantılarına qatılıb və yeddi il ərzində spirtli içkilərdən uzaq durub.
Aktyora Corc Kluni, Bredli Kuper, Leonardo Di Kaprio və Mett Deymon kimi yaxın dostları dəstək olublar. Pitt keçmiş həyat yoldaşı Cennifer Enistonla da dostluq münasibətlərini bərpa edə bilib.
Bununla belə, boşanmanın nəticələri aktyorun övladları ilə münasibətlərinə təsir göstərməkdə davam edir. Son dövrlərdə Pittin bir neçə övladı atasının soyadından imtina etmək istiqamətində addımlar atıb. Xüsusilə Zahara Coli soyadından istifadə etməyə başlayıb, Vivyen isə ictimaiyyət qarşısında atasının soyadından istifadə etməməyi seçib.
Hazırda aktyor dizayner İnes de Ramonla münasibətdədir. Onların sevgili olması barədə ilk xəbərlər 2022-ci ilin sonunda yayılıb. 2024-cü ildə isə cütlüyün birlikdə yaşadığı bildirilib. De Ramon Pittə "Heart of the beast" filminin premyerasında da yoldaşlıq edib.