Adi tualet kağızı rulonu yalnız hamam və tualetdə deyil, mətbəxdə də faydalı ola bilər. Son vaxtlar sosial şəbəkələrdə qeyri-adi məişət üsulu populyarlıq qazanıb. İnsanlar xoşagəlməz qoxulardan və artıq nəmdən xilas olmaq ümidi ilə soyuducuya tualet kağızı qoyurlar.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bu üsulun necə işlədiyini, ondan düzgün istifadə qaydalarını və tualet kağızını hansı vasitələrlə əvəz etməyin mümkün olduğunu açıqlayıb.
Tualet kağızını niyə soyuducuya qoyurlar?
Bunun əsas səbəbi xarab olmuş məhsullar, yemək qalıqları və müxtəlif qidaların qoxularının qarışması nəticəsində yaranan davamlı xoşagəlməz qoxunu aradan qaldırmaq istəyidir.
Qapalı soyuducuda yad qoxular uzun müddət qala bilər. Xüsusilə içəridə xarab olmağa başlayan məhsullar varsa, bu problem daha çox hiss olunur.
Kağız nəmi yaxşı hopdurduğu üçün onu rütubəti azaltmaq məqsədilə əlavə vasitə kimi istifadə etmək təklif olunur. Çünki artıq nəmlik kif qoxusunun yaranmasına şərait yarada bilər.
Tualet kağızını soyuducuda necə istifadə etmək olar?
Bu qeyri-adi məişət üsulunu sınamaq istəyirsinizsə, bir neçə sadə qaydaya əməl etməlisiniz.
1. Yalnız yeni rulondan istifadə edin. Çirklənmə riski səbəbindən əvvəllər istifadə edilmiş kağızı qida məhsullarının yanında saxlamaq olmaz.
2. Kağızı təmiz və quru yerdə saxlayın. Rulonu təmiz, quru qablaşdırmada və ya xüsusi altlıq üzərində yerləşdirin. Bu, onun müxtəlif səthlərlə və çirkləndirici maddələrlə təmasını azaldacaq.
3. Rulonu düzgün yerləşdirin. Kağız soyuducuda ərzaqların saxlanmasına mane olmamalıdır. O, çiy ətə, balığa, mayelərə və üstü açıq qida məhsullarına toxunmamalıdır.
4. Kağızın vəziyyətinə nəzarət edin. Əgər kağız nəmlənibsə, çirklənibsə və ya yad qoxu hopdurubsa, onu dərhal atmaq lazımdır.
Mütəxəssislər rulonun təxminən iki həftədən bir dəyişdirilməsini tövsiyə edir.
Lakin bu müddəti elmi cəhətdən müəyyən edilmiş norma hesab etmək olmaz. Soyuducuda rütubət yüksək olduqda kağızı daha tez dəyişdirmək lazım gələ bilər.