“Hamı elə bilir ki, çox varlıyam” - Hüsniyyə Mürvətova ilə MÜSAHİBƏ
27 oktyabr 2026 14:30 (UTC +04:00)

“Hamı elə bilir ki, çox varlıyam” - Hüsniyyə Mürvətova ilə MÜSAHİBƏ

0

Bir neçə gün əvvəldən müsahibə üçün danışıb vaxt və məkan müəyyənləşdiririk. Hər ikimizin iş qrafiki sıxdır. Görüşü dəqiqləşdirmək düşündüyümüz qədər asan olmur. Amma nəhayət, çətin də olsa, bir araya gələ bilirik.

Düşünürəm ki, bundan sonra hər şey planlaşdırdığımız kimi gedəcək. Amma yanılıram. Razılaşdığımız məkanda müəyyən səbəblərdən müsahibəni aparmaq mümkün olmur. Məcbur qalıb başqa yerə üz tuturuq. Yolboyu söhbətimiz də elə buradan başlayır.

– Dikdaban ayaqqabı ilə gəzmək də yəqin ki, çətindir.

– Yox, alışmışam. Əslində, bu da rahatdır. Ayaqqabı seçəndə özüm üçün ən rahat olanına üstünlük verirəm.

Cavabı və rahat davranışı məndə belə təəssürat yaradır ki, o, bu cür vəziyyətlərə çoxdan alışıb.

Bəzən insanı tanımaq üçün rəsmi müsahibənin başlamasına ehtiyac qalmır. Onun yolboyu davranışı, hadisələrə münasibəti, ən adi vəziyyətlərdə verdiyi reaksiyalar da özü haqqında çox şey deyir. Qış parkından keçərkən oturacaqların yaxınlığındakı pişikləri əzizləyir.

– Pişikləri də sevirsiniz?

– Hə, bəs nə! Ən sevimli heyvanlardır. Özüm də saxlayıram.

– Nə yaxşı.

Nəhayət, söhbətimizi davam etdirə biləcəyimiz məkana çatırıq.

Lent.az-ın müsahibi Bakı Bələdiyyə Teatrının aktrisası, Əməkdar artist Hüsniyyə Mürvətovadır.

– Hüsniyyə xanım, işləriniz necə gedir?

– Yaxşıdır. Məşqlərə gedirik, çəkilişlərdə oluruq. Hər şey öz axarında gedir.

– İş rejiminiz çətindir? Görüşümüzü təşkil etmək də bir qədər çətin oldu.

– Aktyorun işi çox çətindir. Kənardan asan görünə bilər, amma qətiyyən elə deyil.

– Həm azərbaycanlı, həm də xarici rejissorlarla çalışmısınız. Sizin üçün fərq nədədir?

– Mənim üçün iş prosesi o qədər maraqlı olur ki, heç çətinliyi gözümə görünmür. Bir iş çətin olanda nəticəsi daha gözəl olur. Mən iki dəfə Rusiyada seriala çəkilmişəm, həmçinin burada türk rejissorlarla çalışmışam. Başqa ölkənin rejissoru ilə işləmək mənim üçün daha maraqlıdır. Sizə deyim, aktyora çox ruh verirlər, səni sevirlər, əl üstündə saxlayırlar. İş prosesində aktyoru həvəsləndirirlər. Çəkilişdən sonra gəlib sənə minnətdarlıqlarını bildirirlər.

– Çalışdığınız rejissorlarda sevmədiyiniz cəhətlər nə olub? İndiyədək hansısa rejissordan narazı ayrılmısınız?

– Mənimlə işləyən rejissorlar bilirlər ki, mən təzyiqi sevmirəm. Bir aktrisa kimi məni dilə tutmaq lazımdır. Bu zaman çəkiliş meydançasında özümü çox rahat hiss edirəm. Rejissorlarım məni və mənimlə işləməyi seviblər. Mən də onlara daha artığını verməyə çalışmışam.

– Bildiyimə görə, bəzən sizi kaprizli aktrisa kimi qələmə verirlər.

– Bəzən deyirlər ki, kaprizliyəm. Amma çəkiliş meydançasında kaprizli deyiləm. Kaprizi çəkilişə qədər edə bilərəm, çəkiliş zamanı yox. O da kapriz deyil. Bəzən kaprizlə məsuliyyət hissini qarışdırırlar. Mən çalışıram ki, hər şey öz yerində olsun. Həmişə çalışmışam ki, makiyajım, geyimim rolumun tələblərinə uyğun olsun. Amma çəkiliş zamanı kapriz etmirəm.

Rejissor məni acılayarsa, işdən küsdürərsə, onunla işləyə bilmərəm. Buradakı rejissorlardan da, xaricdəki rejissorlardan da razıyam. Bilirsiniz, onlar məni işə dəvət edəndə Hüsniyyəni tanıyırlar. Həmişə də işimə görə dəyərləndiriblər. Rejissorlarım hər zaman məndən razı qalıblar.

– Rusiyadakı çəkiliş mühiti necədir?

– Çəkiliş mühiti çox peşəkardır. Onların çəkiliş heyəti həddindən artıq böyükdür. Artıq söz-söhbət olmur, hamı qarışqa kimi işləyir. Hərə öz işi ilə məşğuldur.

– Bizdə elə deyil?

– Ümumi deyirəm, amma onlarda çəkiliş heyəti daha böyük olur. Həmçinin avadanlıqları da çoxdur. Vallah, siz məndən pis bir şey eşitməyəcəksiniz. Məni intriqaya çəkmə (gülür).

– Məqsədim sizi intriqaya çəkmək deyil. Bir aktrisa kimi müxtəlif ölkələrdəki çəkiliş mühitini sizin dilinizdən müqayisəli şəkildə eşitmək istədim.

– Çəkiliş meydançasında hər şey aktyorun rahatlığına xidmət edir.

– İndi desəm ki, bizdə xidmət etmir, deyəcəksiniz ki, intriqaya çəkirsən, Naibə.

– Sən də o sualı vermə də (gülür).

Bizdə serial çəkilişləri nisbətən yeni inkişaf etməyə başlayıb. Amma onlar gör neçə ildir ki, bu işin içindədirlər. Bütün bunların təsiri var.

– Çoxları Hüsniyyə Mürvətovanı təxminən 14 il əvvəl çəkilən “Aramızda qalsın” serialı ilə tanıyıb. Serial komediya janrında idi, amma siz daha çox dram aktrisası kimi tanınırsınız. Hansı janr sizə daha yaxındır?

– Onun bünövrəsini türklər qoymuşdu. “Çocuklar Duymasın” serialından bəhrələnmişdilər. Mən orada da çox zövq alırdım. Komediya idi, heç yorulmurdum. Mən dramı özümə daha yaxın hiss edirəm, amma komediya da məndə gözəl alınır.

– Xurşidbanu Natəvanı canlandırmaq arzunuzu bir neçə dəfə dilə gətirmisiniz. Təklif gəlib?

– Hələlik heç bir təklif gəlməyib. Qulağım səsdə, gözlərim yollardadır. Hələ ki, gözləyirəm. Onun ruhunu özümə yaxın görürəm. Düşünürəm ki, o qadını hiss edirəm.

– Başqa tarixi filmdə çəkilmək necə, istəməzsiniz?

– Bəli. Təkcə bu obrazı deyil, ümumiyyətlə, tarixi filmdə öz obrazımı gözləyirəm. İstəyirəm ki, bir tarixi filmim olsun, tarixdə qalım. Tarixi film elədir ki, illər keçsə də, qalacaq. Söhbət bədii filmdən gedir.

– İstənilən rolda olsa?

– Yox. Baş rol istəyirəm.

– “Qırmızı qar” filminiz barədə danışaq. Düzdür, üstündən çox vaxt keçib. Amma mənə maraqlı olan bir məsələ var: son səhnənin necə çəkilməsi.

– Sonuncu səhnəni Quba qayalıqlarında çəkmişdik. İnsan gənc olanda hər şeyi dərindən düşünmür. Bəlkə də, indi real tapançadan atəş açmağa qorxaram. Amma onda qorxmurdum. Həmin səhnələrin çəkilişində silahlara nəzarət edən şəxs də bizimlə gedirdi. Məsuliyyəti o daşıyırdı. Biz boş patronlardan istifadə edirdik. Amma mənə maraqlı idi ki, tapançadan atəş açmaq necə hissdir. Soruşdum ki, sizin tapançanızdan atəş aça bilərəmmi? Razılıq verdi. Tapançanı götürüb atəş açdım. İndi qorxumdan heç əlimə götürərəm? Gənc olanda heç düşünmürsən. Ona görə də gəncləri qınamıram. Gənc yaşlarında insan hər şeyə daha çox maraq göstərir, öyrənmək istəyir.

– Bələdiyyə Teatrının hələ də öz binası yoxdur. Bu, hansı çətinliklərə səbəb olur?

– Ümumiyyətlə, teatrın binası olmalıdır. Teatrın binası aktyor üçün hər şey deməkdir. Əlbəttə, çətinliklərimiz olur. Biz onsuz da hər gün gəlib məşq edirik. Bunun üçün imkanlar yaradılır. Amma teatrın öz binası mütləq olmalıdır. Ümid edirəm ki, olacaq. Nikbinik.

– Bakı Bələdiyyə Teatrının aktyor heyətinin hər birinin Amaliya Pənahova ilə bağlı xatirəsi var. Bəlkə, bir az da o xatirələrdən danışaq?

– Bilirsiniz, məndən kimsə xatirə soruşanda donub qalıram (gülür).

Amaliya xanımı heç vaxt unutmuram. Mən teatra yeni gələndə Tomris rolunu mənə tapşırdı. Heç kəsə öz kostyumunu verməyən aktrisa geyimini mənə verdi. Mənə inandı. Teatrımız haqqında “Döyüşən teatr” adlı kitab nəşr olundu. Üz qabığında Amaliya xanımın, arxa qabığında isə mənim şəklim var.

Bir dəfə rayona qastrola getmişdik. Mən əslində həmin tamaşada iştirak etmirdim. Dedi ki, səni də aparıram, bizimlə get, havanı dəyiş. Mənim də allergiyam var idi, bir sıra ağrıkəsicilərdən istifadə edə bilmirdim. Səfərə çıxanda soyuqlamışdım. Onun həyat yoldaşı da soyuqlamışdı. Gördüm ki, dərman içir. Xahiş etdim ki, mənə də versin. Allergiyam tutdu, nə günə qaldım! İnanın ki, neçə dəfə avtobusu saxlatdırıb vəziyyətimi yoxladı. Həmişə özü ilə çoxlu dərman götürürdü. Bu, onun bizə göstərdiyi ana qayğısı idi. Onun sayəsində bizi rayonlarda da yüksək səviyyədə qarşılayırdılar.

– Tomris rolunuzdan danışdınız. Hansı hallarda təklif olunan rolu geri çevirirsiniz?

– Məni qane etməyən rol bölgüsü olarsa, razılaşmıram. Açıq-saçıq səhnələrə də razı olmuram. Bir də obraza qarşı zorakılığın əleyhinəyəm. Bir dəfə mənə rol təklif olunmuşdu. Orada mənim canlandırdığım obrazı döyməli idilər. Buna razılaşmadım. Çünki zorakılığa qarşıyam.

– Bəs maddi tərəf?

– İş çox ürəyimcə olanda maddiyyata baxmadan razılıq vermişəm. Çünki ya rol səni qane etməlidir, ya da maddiyyat.

– Aktyor qonorarı sizi qane edir?

– Narazıyam. Bizdə qonorar çox azdır. Əziyyətimiz çoxdur, qarşılığı isə azdır. Bu qədər əziyyətin müqabilində qonorar mütləq artırılmalıdır. Qonorar gülməli vəziyyətdədir. Mən 2012-ci ildə indikindən daha çox qonorar alırdım. Getdikcə artmaq əvəzinə, azalır.

– Sizə deyim ki, heç bir aktrisa da kənardan kasıb görünmür. Yəni bunu insanlara hiss etdirmirlər.

– Elə görünmək də ayıbdır da. Biz özümüzü elə göstərməliyik. Tamaşaçıya problemimi niyə bildirim? Buna görə də büruzə vermirik. Ümumiyyətlə, ağlamağı heç vaxt sevməmişəm. Amma o ağlayanlar hər şeyi əldə ediblər. Ona görə də hamı elə bilib ki, Hüsniyyə çox varlıdır.

– Bu gün bəzi ekran işlərinə bloqerlər də dəvət alırlar. Buna münasibətiniz necədir?

– Hamısı zəmanədəndir. Mən onların işinə qarışmıram, özləri bilər. Heç birini izləmirəm. Doğrudan, bilmirəm, tanımıram. Ümumiyyətlə, ekran işinə peşəkar aktyor çəkilməlidir. Peşəkar çəkilməyəndə bu, ekranda dərhal hiss olunur. Baxışından, danışığından, hər şeyindən hiss olunur. Aktyorluq kənardan asan görünə bilər, amma çox çətin sənətdir. Məsələn, mən oğlumun bu sənətə gəlməsini istəmədim.

– Niyə?

– Dedim ki, sənə çətin olacaq. İstəmədim.

–Son olaraq, son illərdə kino sahəsindəki vəziyyəti necə qiymətləndirirsiniz?

- Filmdə hər şey maddiyyatdan asılıdır. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Mən istəyirəm ki, “44” filmi kimi filmlərimizin davamı gəlsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 628

Oxşar yazılar