Türkiyənin İstanbul şəhərində Bakırköy Bələdiyyəsində keçirilən tenderlərdə qanun pozuntularına yol verilməsi və sahibkarlardan qanunsuz pul tələb olunması iddiaları ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 68 şübhəli barəsində saxlanılma qərarı çıxarılıb.
Səhər saatlarında keçirilən əməliyyat zamanı aralarında bələdiyyə sədrinin 5 müavini və bələdiyyə şurasının 2 üzvü də olmaqla 37 nəfər saxlanılıb.
Baş Prokurorluğun açıqlamasına əsasən, Bakırköy Bələdiyyəsinin mal və xidmət satınalmaları ilə bağlı tender sənədlərində qanun pozuntularına yol verilməsi nəticəsində dövlətə maddi ziyan dəydiyi müəyyən edilib.
Bundan başqa, iş yeri açmaq və fəaliyyət göstərmək üçün lisenziya almaq istəyən sahibkarlardan qanunsuz pul tələb edildiyi, tələb olunan məbləği ödəməyən şəxslərin sənədləşmə prosesinin isə qəsdən uzadıldığı barədə prokurorluğa şikayətlər daxil olub.
İstintaq çərçivəsində 2024–2026-cı illərdə bələdiyyənin müxtəlif idarələri tərəfindən keçirilmiş 42 tender üzrə ekspertiza aparılıb. Şübhəlilərin telefon əlaqələri, Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının (MASAK) hesabatları təhlil edilib, həmçinin texniki izləmə tədbirləri həyata keçirilib.
Toplanan materiallar əsasında tenderlərdə saxtakarlıq və vəzifə səlahiyyətlərindən istifadə etməklə qanunsuz maddi mənfəət əldə etmə şübhələri üzrə 68 nəfər barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınıb.
İstanbul Vilayət Jandarma Komandanlığının Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinə şübhəlilərin saxlanılması, ifadələrinin alınması, axtarış və əmlakın müsadirəsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Araşdırmalar davam etdirilir.