"Sülh Sazişi imzalana və ya sadəcə kağızda da qala bilər”.
Lent.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.
Prezidentin köməkçisi bildirib ki, ölkələrin də həyatına bu Saziş öz töhfəsini verməlidir: “Azərbaycan üçün 2025-ci ildə Sülh Sazişi ilə bağlı razılıq, çoxillik müharibədən sonra sülh asan deyildi. Prezident İlham Əliyev öz xoş məramını göstərdi. Sülh Sazişi Ermənistana Azərbaycan tərədindən təqdim edilib, ilk prinsipləri Azərbaycanda hazırlanıb. Vaşinqton Sammitində Sülh Sazişi paraflandı. Daha sonra Azərbaycan sülh üçün vacib addımlar atdı".
Onun sözlərinə görə, müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik.
"Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçüm hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib.
Hikmət Hacıyevin fikrincə, ən birinci məqam xalqlar arasında etimad və barışığın bərpa edilməsidir.
Prezidentin köməkçisi bildirib ki, bu, hər hansı post-münaqişə dövrünün ən mühüm və çətin hissəsidir: “Məsələn, biz digər post-münaqişə dövrlərini də öyrənirik. Balkanların vəziyyətinə baxaq. Ötən əsrin 90-cı illərinin əvvəllərində bütün münaqişələr həll olundu, lakin region ölkələri arasında hələ də etimadsızlıq mövcuddur.
Ermənistan-Azərbaycan kontekstində də çox dürüst olmalıyıq. Tariximizdə erməni xalqı ilə ortaq yaddaşımızın bəzi qaranlıq səhifələri var. Biz bu keçmişi silmirik, lakin gələcəyə sülh yolu ilə baxırıq”.