Cənubi Afrikalı hüquqşünas Navi Pillay 2026-cı il Nobel Sülh Mükafatına layiq görülüb. O, insan hüquqlarının müdafiəsi, beynəlxalq hüququn inkişafı və müharibə cinayətlərinə görə məsuliyyətin təmin edilməsi istiqamətində fəaliyyətinə görə mükafatlandırılıb.
Lent.az Nobel Sülh Mükafatının builki qalibi Navi Pillayın bioqrafiyasını təqdim edir:
Navi Pillay nə vaxt və harada anadan olub?
Əsl adı Navanethem Pillay olan hüquqşünas 1941-ci il sentyabrın 23-də Cənubi Afrika Respublikasının Durban şəhərində, Klervud məhəlləsində anadan olub. Hindistan əsilli tamil ailəsində böyüyən Pillay uşaqlıq illərini irqi ayrı-seçkiliyin hökm sürdüyü aparteid rejimində keçirib.
Navi Pillay harada təhsil alıb?
O, Natal Universitetində təhsil alıb. 1963-cü ildə bakalavr, 1965-ci ildə isə hüquq üzrə ali təhsilini tamamlayıb. Daha sonra ABŞ-nin nüfuzlu Harvard Universitetində təhsilini davam etdirib. 1982-ci ildə hüquq üzrə magistr, 1988-ci ildə isə doktorluq dərəcəsi alıb.
Navi Pillay hüquqşünaslıq fəaliyyətinə necə başlayıb?
Pillay 1967-ci ildə Natal əyalətində şəxsi hüquq bürosunu açan ilk qadın olub. Həmin dövrdə Cənubi Afrikada irqi ayrı-seçkilik siyasəti hökm sürürdü. O, aparteid rejiminə qarşı mübarizə aparan fəalları müdafiə edib. Siyasi məhbusların hüquqlarının qorunması, həbsxanalardakı işgəncələrin ifşa olunması və məhkumların hüquqi müdafiəsi istiqamətində çalışıb.
Navi Pillayın Nelson Mandela ilə hansı əlaqəsi olub?
Navi Pillay Cənubi Afrikada aparteid rejiminə qarşı mübarizə aparan şəxslərin hüquqlarını müdafiə edən vəkillərdən biri olub. Onun fəaliyyəti Nelson Mandela və digər siyasi məhbusların hüquqlarının qorunması ilə də bağlıdır. Xüsusilə Robben adasındakı həbsxanada saxlanılan məhbusların hüquqları uğrunda mübarizəsi ilə tanınıb.
Navi Pillay hansı vəzifələrdə çalışıb?
1995-ci ildə Cənubi Afrika Ali Məhkəməsində hakim vəzifəsinə təyin edilib. O, ölkəsində bu vəzifəyə yüksələn ilk qaradərili qadınlardan biri olub. Elə həmin il BMT-nin Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalına hakim seçilib. 1999–2003-cü illərdə tribunalın sədri vəzifəsini tutub. 2003-cü ildə Beynəlxalq Cinayət Məhkəməsinin hakimi seçilib. 2008–2014-cü illərdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsində çalışıb. Bu müddətdə dünyanın müxtəlif bölgələrində insan hüquqlarının pozulması, müharibə cinayətləri və ayrı-seçkilik halları ilə bağlı mövqe bildirib.
Navi Pillay hansı tarixi məhkəmə qərarında iştirak edib?
Onun karyerasının ən mühüm hadisələrindən biri Ruandada 1994-cü ildə törədilmiş soyqırımı ilə bağlı məhkəmə prosesi olub. Pillay keçmiş yerli idarəetmə rəhbəri Jan-Pol Akayesunun mühakimə olunduğu prosesdə hakimlərdən biri olub. 1998-ci ildə çıxarılan tarixi qərarla zorlamanın müəyyən şərtlər daxilində soyqırımı cinayəti hesab edilə biləcəyi beynəlxalq məhkəmə təcrübəsində təsbit edilib. Bu qərar beynəlxalq cinayət hüququnun inkişafında mühüm mərhələ sayılır.
Navi Pillayın Qəzza ilə bağlı fəaliyyəti nədən ibarətdir?
Navi Pillay BMT-nin işğal olunmuş Fələstin əraziləri, o cümlədən Şərqi Qüds və İsraillə bağlı Müstəqil Beynəlxalq Araşdırma Komissiyasına sədrlik edib. Komissiya Qəzza zolağında və İsraildə baş verən hadisələri, mülki əhalinin hüquqlarının pozulması hallarını və mümkün müharibə cinayətlərini araşdırıb.
Pillay münaqişə tərəflərinin beynəlxalq hüquqa əməl etməsinin vacibliyini vurğulayıb, mülki şəxslərə qarşı törədilən cinayətlərə görə məsuliyyət tələb edib.
Navi Pillay evlidir? Övladları varmı?
Navi Pillay hüquqşünas Qabi Pillayla ailə həyatı qurub. Onlar 1965-ci ildə evləniblər. Həyat yoldaşı da aparteid rejiminə qarşı mübarizə aparıb və siyasi fəaliyyətinə görə həbs olunub. Navi Pillay onun hüquqlarını müdafiə edib. Qabi Pillay sonradan vəfat edib. Cütlüyün övladlığa götürdüyü iki qızı var.
Navi Pillay hansı təşkilatın yaradıcılarındandır?
O, qadın hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq “Equality Now” təşkilatının həmtəsisçilərindəndir. Pillay həmçinin Cənubi Afrikada qadınların hüquqlarını müdafiə edən hərəkatlarda iştirak edib və ölkə konstitusiyasında bərabərlik prinsipinin təsbit olunmasına töhfə verib.
Navi Pillay niyə Nobel Sülh Mükafatı alıb?
2026-cı il oktyabrın 9-da Norveç Nobel Komitəsi Navi Pillayın Nobel Sülh Mükafatına layiq görüldüyünü açıqlayıb. Komitə onun beynəlxalq hüququn inkişafına, sülhün təşviqinə, müharibə cinayətlərinin, insanlığa qarşı cinayətlərin və soyqırımının cəzasız qalmaması istiqamətində fəaliyyətinə xüsusi diqqət çəkib. 85 yaşlı hüquqşünasa verilən mükafatın məbləği 12 milyon İsveç kronudur. Mükafatın təqdimetmə mərasimi dekabrın 10-da Norveçin paytaxtı Osloda keçiriləcək.