Bunları  atmayın:   yenidən  dəbə minəcək   7 geyim
26 oktyabr 2026 17:42 (UTC +04:00)

Bunları atmayın: yenidən dəbə minəcək 7 geyim

0

Qarderobu təmizləyərkən hansı geyimləri saxlamaq, hansılardan imtina etmək barədə qərar vermək həmişə asan olmur. Xüsusilə də moda daim təkrarlanır və bu gün köhnəlmiş görünən bəzi əşyalar bir neçə ildən sonra yenidən trendə çevrilə bilər. Stilistlər buna görə bəzi geyim və aksesuarlardan tələsmədən imtina etməyi məsləhət görürlər.

Lent.az bu 7 geyimi təqdim edir:

Dəri gödəkçə

Keyfiyyətli dəri gödəkçə uzun illər istifadə oluna bilər. Zaman keçdikcə dəri daha yumşaq olur, üzərində yaranan təbii aşınmalar isə onun görünüşünə xüsusi xarakter verir.

Keyfiyyətli pencək

Pencəklərin forması və kəsimi zamanla dəyişsə də, yaxşı tikilmiş klassik modellər aktuallığını uzun müddət qoruyur. Model köhnəlmiş görünürsə, onu atmaq əvəzinə dərzidə kəsimini və ya düymələrini dəyişdirmək mümkündür.

Keyfiyyətli cins geyimlər

Əgər sevdiyiniz cins şalvar bədəninizə yaxşı oturursa, onu saxlamaq məsləhətdir. Denim dəbi dövri olaraq dəyişir. Bir vaxtlar dəbdən düşən fasonlar illər sonra yenidən trendə çevrilə bilər. Məsələn, 1970-ci illərdə məşhur olan yüksək belli və aşağısı geniş cins şalvarlar son illərdə yenidən dəbə qayıdıb.

Ağ köynək

Klassik ağ köynək qarderobun ən universal geyimlərindən biridir. Onu həm gündəlik, həm işgüzar, həm də daha rəsmi obrazlarla uyğunlaşdırmaq mümkündür. Stilistlər ağ köynəyi yalnız saralıbsa, formasını itiribsə və ya parçası ciddi şəkildə köhnəlibsə qarderobdan çıxarmağı məsləhət görürlər.

Klassik trençkot

Trençkot müxtəlif mövsümlərdə istifadə edilə bilən və bir çox geyimlə asanlıqla uyğunlaşdırılan klassik üst geyimidir. Onun fasonu köhnəlmiş görünürsə, stilistlər trençkotu atmaq əvəzinə kəsimini dəyişdirməyi və ya astarını yeniləməyi tövsiyə edirlər.

2000-ci illərin aksessuarları

Metal kəmərlər, daşlı çantalar və 2000-ci illərin əvvəllərini xatırladan bəzi aksesuarlar yenidən dəbə qayıda bilər. Stilistlər belə aksessuarlardan istifadə edərkən obrazı həddindən artıq yükləməməyi və yalnız bir diqqətçəkən detalı daha müasir geyimlərlə birləşdirməyi məsləhət görürlər.

Slip-dress - nazik qayışlı don

1990-cı illərlə assosiasiya olunan nazik qayışlı, sadə kəsimli donlar da yenidən populyarlaşıb. Bu tip donları ilin müxtəlif fəsillərində geyinmək mümkündür. Payızda onu boğazlı sviter və iri dabanlı ayaqqabı ilə, yayda isə sandalet və zərif aksessuarlarla kombinləmək olar.

Stilistlərin fikrincə, keyfiyyətli və klassik əşyaları yalnız müvəqqəti olaraq dəbdən düşdükləri üçün atmaq düzgün deyil. Moda dövri xarakter daşıyır və bir çox geyim illər sonra yenidən aktuallaşa bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 112

Oxşar yazılar