İranın təhsil nazirinə Lent.az-ın sualı:  Qızlarımıza hansı dildə dərs keçəcəksiniz?
26 oktyabr 2026 15:45 (UTC +04:00)

İranın təhsil nazirinə Lent.az-ın sualı: Qızlarımıza hansı dildə dərs keçəcəksiniz?

0

Öz dilində məktəbi olmayan İran Azərbaycana hansı haqla təhsil dərsi keçir?

İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycandakı dünyəvi təhsil qaydalarını hədəfə alaraq azərbaycanlı qızları öz ölkəsində təhsil almağa dəvət etməsi adi diplomatik nəzakətsizlik deyil. Bu, müstəqil dövlətin daxili işlərinə, onun qanunlarına və təhsil siyasətinə müdaxilə kimi qiymətləndirilməli olan yersiz və qəbuledilməz davranışdır.

Məsələnin mahiyyəti təkcə məktəbli geyimi, yaxud hicabla bağlı deyil. Burada daha ciddi problem var: İranın yüksəkvəzifəli dövlət rəsmisi Azərbaycanın dünyəvi təhsil sisteminə aid qaydaları dini müstəviyə daşımaqla, mahiyyətcə hüquqi və inzibati xarakter daşıyan məsələni siyasi qarşıdurma predmetinə çevirməyə çalışır. Bu cür yanaşma qonşuluq münasibətlərinə xidmət etmir, əksinə, həssas dini mövzular üzərindən regional gərginliyi artırmaq riski yaradır.

Ağayi Hüseyn Simayi-Sərraf və on un kimilər anlamalıdırlar ki, Azərbaycan dünyəvi dövlətdir. Bu ölkənin məktəblərində hansı qaydaların tətbiq olunması, təhsil müəssisələrində geyim normalarının necə müəyyənləşdirilməsi yalnız Azərbaycan qanunvericiliyinin və müvafiq dövlət qurumlarının səlahiyyətindədir. Heç bir xarici nazirin bu qaydaları öz ölkəsinin dini-siyasi yanaşmalarına uyğun dəyişdirmək tələbi irəli sürmək haqqı yoxdur.

Ən böyük ziddiyyət isə İranın öz daxilində yaşanır. Başqa ölkənin qızlarının təhsil hüququndan narahat olduğunu nümayiş etdirən Tehran əvvəlcə öz vətəndaşlarının, xüsusilə milyonlarla azərbaycanlının ana dilində təhsil hüququ ilə bağlı suallara cavab verməlidir.

İran əhalisinin təxminən 40 milyonunun etnik azərbaycanlılardır. İran bunu rəsmi təsdiqləməsə də bu ölkədə çox böyük azərbaycanlı əhalinin yaşadığı mübahisəsizdir. Onilliklərdir həmin insanların doğma dillərində tamhüquqlu təhsil almaq imkanlarının məhdudlaşdırılması isə ciddi hüquq pozuntusudur.

Burada iranlı nazirə ünvanlanmalı son dərəcə sadə bir sual var: Siz Azərbaycandan dəvət etdiyiniz qızlara hansı dildə dərs keçəcəksiniz?

Əgər Azərbaycan dilində təhsil almaq istəyən qızlar İrana getsələr, onları hansı məktəblər, hansı universitetlər, hansı Azərbaycan dilli təhsil proqramları qarşılayacaq? İranın öz azərbaycanlı vətəndaşlarına geniş şəkildə təqdim etmədiyi ana dilində təhsil imkanını Azərbaycan Respublikasının vətəndaşlarına necə təqdim edəcəyi izah olunmalıdır.

Bu sual ritorika deyil, İranın təhsil siyasətindəki fundamental ziddiyyəti üzə çıxaran məsələdir.

Digər tərəfdən, İranın öz Konstitusiyasına münasibəti də ciddi suallar doğurur. İran İslam Respublikası Konstitusiyasının 15-ci maddəsi fars dilini dövlətin rəsmi dili kimi müəyyən etsə də, regional və etnik dillərin mətbuatda istifadəsinə, həmçinin həmin dillərin ədəbiyyatının məktəblərdə fars dili ilə yanaşı tədrisinə icazə verir. Bu maddə bütün fənlərin ana dilində tədrisinə birbaşa təminat verməsə də, mövcud hüquqi imkanların belə yetərincə reallaşdırılmaması illərdir tənqid olunur.

Daha maraqlı və eyni zamanda paradoksal məqam İran Prezidenti Məsud Pezeşkianın mövqeyidir. Azərbaycan əsilli prezident doğma dilində danışır, beynəlxalq görüşlərdə də Azərbaycan dilindən istifadə edir. Ancaq onun rəhbərlik etdiyi ölkədə milyonlarla soydaşımız üçün Azərbaycan dilində sistemli təhsil imkanı yaradılmayıb. Dövlət başçısının öz ana dilində danışması normal qarşılanmalıdırsa, adi vətəndaşın da həmin dildə təhsil almaq arzusu niyə təmin edilməməlidir?

İran rəsmilərinin Azərbaycan qızlarının geyim azadlığı barədə narahatlıq nümayiş etdirməsi isə başqa bir ziddiyyəti gündəmə gətirir. İranda qadınların və qızların geyimi uzun illərdir dövlətin məcburi hicab siyasəti ilə tənzimlənir. Baş örtüyündən imtina edən qadınların cəzalandırılması, təhsil və digər xidmətlərdən məhrum edilməsi halları beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarında əksini tapıb.

Belə olan halda Azərbaycan da İranda məcburi hicab qaydalarına əməl etmək istəməyən qızları və qadın müəllimləri öz ölkəsində təhsil almağa, işləməyə dəvət etsə, Tehran bunu necə qarşılayacaq? İran rəsmiləri belə bir çağırışı mehriban qonşuluq jesti, yoxsa ölkələrinin daxili işlərinə müdaxilə hesab edəcəklər?

Əsas məsələ də məhz budur. Bir ölkə başqasının təhsil siyasətinə münasibətdə tələb etdiyi azadlığı öz vətəndaşlarına tanımaqdan imtina edirsə, onun mövqeyinin səmimiliyi haqlı olaraq sual altına düşür.

Tehran anlamalıdır ki, Azərbaycanın təhsil siyasəti İranın siyasi və ideoloji gözləntilərinə uyğun formalaşdırılmayacaq. Azərbaycan öz dünyəvi dövlət quruluşunu, təhsil sistemini və qanunlarını müstəqil müəyyənləşdirmək hüququna malikdir.

İran rəsmiləri Azərbaycan qızlarının gələcəyindən narahat olduqlarını göstərmək istəyirlərsə, əvvəlcə öz ölkələrində yaşayan milyonlarla azərbaycanlı uşağın doğma dilində təhsil almaq hüququnu bəröa etsinlər. Öz vətəndaşının dil hüququ ilə bağlı suallara cavab vermədən qonşu ölkəyə təhsil dərsi keçmək həyasızlıqdır!

İranın elm nazirinə ünvanlanmalı ən mühüm sual isə açıq qalır: Azərbaycandan qızları universitetlərinizə dəvət edirsiniz. Bəs öz ölkənizdəki azərbaycanlı uşaqlara doğma dillərində məktəbin qapısını nə zaman açacaqsınız?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 114

Oxşar yazılar