Eynşteyn və Mariya Kürinin  gizli qalan   məktublarında radioaktiv izlər   aşkarlanıb
26 oktyabr 2026 16:58 (UTC +04:00)

Eynşteyn və Mariya Kürinin gizli qalan məktublarında radioaktiv izlər aşkarlanıb

0

Dünya şöhrətli alimlər Albert Eynşteyn və Mariya Kürinin 20 ildən artıq davam edən yazışmaları ilə bağlı maraqlı faktlar üzə çıxıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bildirilib ki, polşalı yazıçı Eva Labno-Falentska 1911-1932-ci illər arasında Eynşteyn və Küri tərəfindən yazılmış məktubları bir kitabda toplayıb. Uzun müddət geniş ictimaiyyətə məlum olmayan bu yazışmalar iki dahi alimin dostluğu, elmi maraqları və həmin dövrün siyasi hadisələrinə münasibəti barədə yeni məlumatlar ortaya çıxarıb.

Albert Eynşteyn və Mariya Küri 1911-ci ilin oktyabrında Brüsseldə keçirilən ilk Solvey konqresində tanış olublar. Həmin tədbirdə dövrün aparıcı fizikləri iştirak ediblər. Eynşteyn Kürinin elmi dəqiqliyini yüksək qiymətləndirib, Küri isə gənc alimin böyük istedada malik olduğunu görüb.

Həmin dövrdə Fransa mətbuatı Mariya Kürini şəxsi həyatı ilə bağlı sərt tənqid edirdi. Alimə evli kişi ilə münasibətdə olması barədə ittihamlar yönəldilirdi. Eynşteyn həmkarına dəstək göstərərək jurnalistlərin hücumlarına əhəmiyyət verməməyi tövsiyə edib.

Bu hadisə onların uzun illər davam edən dostluğunun əsasını qoyan məqamlardan biri olub.

Alimlər məktublarında elmi məsələləri müzakirə edir, şəxsi həyatları və gələcək planları barədə məlumat paylaşırdılar. Eynşteyn Kürini ailəsinin qonağı olmağa dəvət edir, bəzən sərt danışıq tərzinə görə ondan üzr istəyirdi. Küri isə həmkarına peşəkar planları və qarşıdakı səfərləri barədə yazırdı.

Kitab üzərində işləyən yazıçı müxtəlif ölkələrin arxivlərində araşdırmalar aparıb. O, Fransa Milli Kitabxanasında və Eynşteynə aid təxminən 85 min sənədin saxlanıldığı Yerusəlimdəki İvrit Universitetində materialları öyrənib.

Araşdırma zamanı bəzi məktubların səhifələrində radioaktiv maddələrin izlərinin qaldığı məlum olub. Bunun səbəbi Mariya Kürinin uzun illər radium və polonium kimi radioaktiv elementlərlə işləməsi olub. Alimin elmi fəaliyyəti nəticəsində radioaktiv maddələrin hissəcikləri kağız üzərində qalıb.

Bəzi sənədlərin tədqiqindən əvvəl onların üzərindəki radioaktiv tozun təmizlənməsi zərurəti yaranıb. Maraqlıdır ki, Kürinin əlyazmaları və iş dəftərləri radiasiya çirklənməsi səbəbindən bu gün də xüsusi şəraitdə saxlanılır. Onun bəzi dəftərləri daxildən qurğuşunla örtülmüş qoruyucu konteynerlərdə mühafizə edilir.

1920-ci illərdə Eynşteyn və Kürinin məktublarında siyasi hadisələr də mühüm yer tutmağa başlayıb. Hər iki alim beynəlxalq elmi əməkdaşlıqla məşğul olan Millətlər Liqasının komissiyasında fəaliyyət göstərib.

Almaniyada antisemitizmin güclənməsindən narahat olan Eynşteyn komissiyadan ayrılmaqla hədələyib. Mariya Küri isə onu qərarından daşındırmağa çalışıb. Tarixçi Sabina Prezunun sözlərinə görə, bu məktublar Eynşteynin siyasi təhdidlərlə üzləşdiyi və tədricən Almaniyadan uzaqlaşdığı dövrü daha yaxşı anlamağa imkan verir.

1922-ci ildə Eynşteyn Uzaq Şərqə səfərə yollandığı üçün fizika üzrə Nobel mükafatının təqdimetmə mərasimində şəxsən iştirak etməyib. 1933-cü ildə, kitabda yer alan son məktubdan təxminən bir il sonra isə Eynşteyn Almaniyanı birdəfəlik tərk edib və bir daha ölkəyə qayıtmayıb.

Qeyd edək ki, Mariya Kürinin ölümündən uzun illər keçməsinə baxmayaraq, onun bəzi şəxsi əşyaları və elmi qeydləri hələ də radioaktivlik xüsusiyyətini saxlayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 78

Oxşar yazılar