Bu gün müğənni Elnarə Xəlilova 35 yaşını qeyd edir.
Lent.az-ın məlumatına görə, bu münasibətlə onun ad gününə həsr edilən veriliş çəkilib. Verilişdə xanım müğənninin sənət dostları xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları, Aygün Bayramova, Zabit Nəbizadə, Fidan Hacıyeva, Ağadadaş Ağayev, Məleykə Əsədova, Aftandil İsrafilov, əməkdar artist Lalə Məmmədova, müğənnilər Samirə, Xuraman Şuşalı, Xatun, Ayaz Qasımov, İlhamə Qasımova, İlqar Xəyal, Nadir Qafarzadə, Cavid Hüseyn, rəqqaslar Etibar Məmmədov və Ilham Kərimli, meyxanaçı Vüqar iştirak ediblər. Onlar Elnarə haqqında xoş fikirlərini bildiriblər. Aparıcı Əkbərin təqdimatında hazırlanan musiqili veriliş şənbə günü saat 08:00-dan 11:00-dək "Space" telekanalında efirə gedəcək.
Qeyd edək ki, Elnarə üçün xüsusi olaraq modelyer Leyla Əhmədova ağ libas hazırlayıb.
Müğənni xanım bildirib ki, ad gününü ailəsi və yazın dostları ilə qeyd edəcək:"Özümü çox xoşbəxt hiss edirəm. Mənim var-dövlətim doğmalarım və dostlarımın sevgisidir. Bu sevgi məni günü-gündən gəncləşdirir. Ən böyük arzum balalarımın xoş gününü və bütün körpələri xoşbəxt, Vətənimizi bütov görmək, müharibəsiz yaşamaqdır".