“Həyat yoldaşımla uzaq qohumluq, tanışlıq var idi. Bir-birimizi uşaqlıqdan tanıyırdıq. Biz bir-birimizin evində olmuşuq. Mənə deyirdi ki, sənin oxumağını sevmişəm. Hərdən deyirəm ki, heç bəlkə də, özümə deyil, sənətimə vurulmusan".
Lent.az xəbər verir ki, bu sözləri xanəndə Mələkxanım Eyyubova "Düzünə qalsa..." verilişində deyib. Xalq artisti bildirib ki, şəxsi həyatı, ailəsi və uşaqları barədə söhbət açıb:
"Həyat yoldaşım ifa etməyimə icazə verməsə idi, təbii ki, ailəmi seçəcəkdim. O da bunu gördü. Sonra mənə dedilər ki, nə biclik etmisən, amma, vallah, biclik deyildi. O, mənə yaxşı mənada sərbəstlik verdi və mən də bundan istifadə etmədim.
İçində bəlkə də qovruldu, qısqandı, öz-özünə deyindi, amma onu mənə bildirmədi. Həmişə də deyir, nə yaxşı ki, səni bu sənətə qoydum, eybi yox, özüm əziyyət çəksəm də...
Səhnədə həmişə rahat olmuşam. Düşünməmişəm ki, evə gedəcəyəm və qanımı qaraldan olacaq. Evə gedəndə məni ağladan olmayacaq ki, nə gülüb-danışırdın. Kiminlə oturub-dururdun? Əvvəllər məni xarici ölkələrə səfərə qoymurdu. Sonra kimlərlə gedib-gəldiyimi də gördü, güvəndi".
Xanəndə həyat yoldaşı ilə övladlarının arasındakı münasibətlərdən də danışıb:
"Uşaqlar atasına söz deyə bilmirlər. Ölüm-dirim müharibəsi olur. Sonra sədd çəkdim, dedim ki, nəbadə sözünüzü ona deyəsiniz, gəlin ancaq mənə deyin. Atalarından çox çəkinirlər... ”.