Müğənni Damla üç ildir dayanmır. Gah 6/8-lik ritmdən yeni nəsil “beat” üzərində oxuyur, gah pulsuz konsert verib insan kütləsi ilə özünü PR edir, gah da özünün xəbəri olmadığı stillərdə kamera qarşısına keçib pozalar verir. Düzdür, bu sahədə monotonluq insanları cəlb etmir deyirlər. Daim fərqli, cəlbedici obrazlar yaratmalısan ki, musiqi bazarında nəsə əldə edəsən. Ancaq daim Damlaya uğursuz imiclərinə görə tənqid gəlirsə, dayanmaq zamanı deyilmi?
Lent.az xəbər verir ki, daha bir uğursuz fotosessiya ilə “Instagram”da tənqid atəşinə tutulan Damlanın “look”larını gəlin, analiz edək.
Altı gün əvvəl paylaşılan bu fotoda müğənni qara bir türbana oxşayan aksesuar taxıb. Dəridən, kəmərə oxşayan bu aksesuarı sinəsi açıq əlbisə ilə geyinməsi bir qırağa, paylaşımın şərh bölməsini bağlamağın köhnə taktika olduğunu bilirik. Bax, ay Damla xanım, tənqid görmək istəmirsinizsə, bu paylaşımda şərh bölməsini bağlayıb, digərində açıq qoymaq nəyə lazımdır?
Digər bir fotoda Damlanın dünyaca məşhur modellərin görünüşünü təqlid etdiyi aydın görünür. Maraqlıdır, qeyd hissəsində yazılmış “Vur kibriti, yandır məni” sözlərlə gözətrafı hissəyə yanmış kibritlərin düzülməsi nə ilə əlaqəlidir? El arasında işlədilən ifadənin yeridir: Şair burada nə demək istəyib?
Hələ digər bir biabırçı hesab olunacaq imici ifaçının tibbi sarğıdan hicab geyinməsidir. Bu da təbii ki, sual altında olan “look”dur. Çünki açıq geyimlə kombin olunan hicab dindarların qəzəbinə tuş gələ bilər desək, yanılmarıq. Bəlkə sarğı ilə ağzının bağlanması, saçının örtülməsini İrandakı etirazçı qadınlara göndərilən bir dəstək mesajıdır? Ancaq nə yazıq ki, bu paylaşımın da şərh bölməsi bağlıdır.
Ümumiyyətlə, məşhurlarımız dünya ulduzlarının “make-up”larını, kliplərdə və ekran işlərində istifadə olunan görünüşləri kopyalamağa meyllidirlər. Bəllidir ki, müğənni Lady Gaga, Madonna, Cennifer Lopez və başqaları olsun, bənzərlik yaratmağa çalışırlar. Dünya ilə ayaqlaşmağa çalışırsınızsa, bunu lağa və məsxərəyə qoyulacaq dərəcədə etmək yalnız sizə qara PR gətirir. Damlanın da öz sənəti ilə deyil, görünüşü və uğursuz seçimləri ilə danışılmaq istəyi göz önündədir. Necə deyərlər, xalqın gözü tərəzidir. Uğurlu işləri də bəyənsinlər, bu kimi karikaturaçıları da? Seçim yenə də sizindir.