Oteldə fanatına təcavüz etdiyi iddia edilən müğənni Kurtuluş Kuş haqqında yeni qərar verilib.
Lent.az xəbər verir ki, barəsində 12 il istənilən ifaçının ötən gün məhkəməsi keçirilib.
İddianamədə qeyd edilib ki, müğənni və fanatı sosial mediada tanış olublar. Onlar İzmir şəhərlərində konsertdən sonra üz-üzə görüşüb. Daha sonra B.B və K.Kuş Aydın şəhərində konsertdən sonra otel otağında görüşmək üçün razılaşıblar. Cütlüyün orada heç bir intim əlaqəyə keçmədiyi iddianamədə əks olunub. Ancaq onların uzun müddət sosial şəbəkədə yazışdıqları məlum olub.
2022-ci il fevralın 27-də isə B.B-nin hədiyyə vermək üçün səhər saat 4-də dostları ilə K.Kuşun qaldığı otelə getdiyi, otaqda başqa adamların da olduğu və bir neçə saat sonra müğənninin qızla başqa otağa keçdiyi üzə çıxıb.
İddiaçı deyib ki, Kurtuluş otaqda onun paltarlarını zor tətbiq edərək, soyundurub və ona təcavüz edib. Bu zaman zərərçəkənin qışqırıqlarını insanlar eşidib və otağa giriblər.
Məhkəmədə təcavüzə məruz qaldığını deyən 19 yaşlı qız B.B. “Mən həkim-həkim gəzəndə, o, səhnə-səhnə gəzir”, - deyə, ifaçının bir ildir ki, cəzasız qaldığına etirazını bildirib:
“Kurtuluş Kuşun məhkəməyə niyə gəlmədiyin bilmirəm. Məhkəmənin ilk günü ayağının qırıldığını iddia edərək, gəlməkdən imtina etdi. Hamıya yalan deyir. Onun bura gəlməsini istəyirəm. Nədən qaçır? İlk duruşmadan sonra qarajda canıma qəsd etmək istədim. Mən həkim-həkim gəzəndə, o, səhnə-səhnə gəzir”.
13 fevralda keçirilən ikinci məhkəmənin qərarı açıqlanıb. Qərara əsasən, müğənni Kurtuluş Kuşun ölkədən çıxışına qadağa qoyulub. Əlavə olaraq onun növbəti məhkəmə prosesinə zorla gətirilməsinə qərar verilib.