Türkiyədə baş verən dəhşətli zəlzələnin təsiri demək olar ki, insanları tərk etməyib. Ancaq bəzi məşhur simalar sosial şəbəkə hesablarında tətil, əyləncəli paylaşımları ilə diqqət çəkir. Təbii ki, bu da qıcıqlanan insanların müzakirəsinə səbəb olur.
Lent.az bununla bağlı bir neçə tanınmış arasında sorğu keçirib.
Müğənni Əli Mirəliyev düşünür ki, indiki dönəmdə, qardaş ölkənin ağır durumunda həm Türkiyədə, həm də burada məşhur olan insanlar belə paylaşımlar etməməlidir:
“İnsan nə qədər düşüncəsiz olmalıdır ki, bu vəziyyətdə açıq-saçıq paylaşım edə? O insanlara ayıb olsun. Məsələn, o gün gördüm ki, Nadir Qafarzadə dostlarıyla birgə özünə ad günü keçirdi. Yaxşı ifaçıdır. Ad günü keçirdi də, toy eləmədi ki?! Mən də dünən verilişdə iştirak etdim, qəmli mahnı oxudum. Başqa telekanallara baxıram, çal-çağır edirlər. Şən mahnılar, şou-proqramlar yayımlayırlar. Elə bil heç nə olmayıb. Bir tərəfdən baxanda deyirsən ki, üzdə olan adamlarıq da. Matəmdə olaq? Yas nə qədər saxlamaq olar? Həyat davam edir. Qurban olum Allaha. Allah onsuz da insanlardan bezib. Allahdan qorxuruq, amma Allahsızlıq edirik. İş adamları, məmurlar gecə səhərəcən klublarda külli miqdarda pul xərcləyirlər. Onlar ailəsini, övladını düşünməyən insanlardır. Belə hərəkətlərə görə Allah bütün insanları cəzalandırır. Türkiyədəki zəlzələ çoxlarına dərs olmalıdır. Allah hələ insanlara barmaq silkələyib, qulağımızı burub xəbərdarlıq edir. Deyir ki, dünyada hökmdar, hökm edən mənəm. Siz deyilsiniz!”.
Model Səmra Hüseynova isə Lent.az-a fərqli fikirlər söylədi:
“Həyat davam edir. Hamımız üzüldük, kədərləndik. Amma doğuş kimi ölümü də yaşam tərzi olaraq qəbul etmək lazımdır. Türkiyədə belə bircə həftə yas saxlanıldı. Sonra hər kəs öz həyatına qaldığı yerdən davam etdi, səhnəsinə, iş başına geri döndü. Önəmli olan hər kəs bir oldu. Ölənlə ölmədik. Dində də buyurulur ki, çox yas saxlamaq günahdır. Onsuz da hamımız bir gün öləcəyik. Ağlamaqla heç nə dəyişmir axı. Şəxsən mən belə hisslərə uzağam. Hazırda Türkiyədəyəm və burada yaşam davam edir. Restoranlarda, kafelərdə, iaşə obyektlərinə musiqilər səslənir. İnsanlar açıq-saçıq fotolar da paylaşır, istirahətə də yollanır və s.”.
Şairə Nazilə Səfərli isə Lent.az-a açıqlamasında mövzu ilə bağlı bunları dedi:
“Bu dönəmdə Azərbaycan şou-biznesində toy edən görmədim. Toyu xalqımızın nümayəndələri edir və biz də ora dəvət alırıq. Yaşamımızı təmin etmək, həyata davam etmək üçün işləyirik. Məsələn, xına məclislərim varsa, dükanımdan paylaşım edirəmsə, gizlətməliyəm? Bu, öz yerində. Azərbaycanda, xalqın içində matəm və ya yas olanda başqaları gedib əylənirdi. Açıq-saçıq fotolar paylaşanlara bir şey demirəm. İlin, günün bu vaxtı nə istirahət, nə açıq-saçıqlıqdır?”.