"Aygün özü mənim ən gözəl əsərimdir. Mən onun şəxsi və iş həyatında daim yanında olmuşam. Buna çox çalışmışam. Çünki gənc bir qız birdən-birə məşhurlaşdı".
Lent.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev "Düzünə qalsa..." verilişində qonaq olarkən, deyib. O, Xalq artisti Aygün Kazımova barədə maraqlı açıqlamalar verib:
"Onu hər yerdə tanıyırlar və səhvlər etmək imkanı çoxalır. Həmin zamanlar ayıq birisi onların yanında olmalıdır ki, yanlışdan tutub saxlasın. Bacardığım qədər ona hər şeyi öyrədirdim, qoruyurdum, tövsiyyələr edirdim. O, valideynlərindən çox erkən yaşda ayrılıb, parta arxasından qalxandan. Onu əlimin nəbzində saxlamışdım, bir ehtiyacı olan kimi gəlirdim.
Mən heç vaxt Aygünü qışqırıb-bağıran görməmişəm. Görməmişəm ki, kimsə bu barədə desin. Bu onun xasiyyətindən irəli gəlirdi, ifasında da hiss olunur. Ona görə sevilirdi o. Aygünə qarşı inanılmaz sevgi olub, görülməmiş bir şeydir bu. Heç bir müğənnidə olmayıb. Bunun canlı şahidi olmuşam. Onu görən ağlayırdı ki, Aygün canlı qarşımdadır... Belə səhnələr görmüşəm mən".