İki ildir Türkiyəyə köçən müğənni Elçin Cəfərov (Şipşirin) Bakıda yeni klipini təqdim edib.
Lent.az xəbər verir ki, o, “Qara uzun saçlar” adlı mahnısına çəkdirdiyi klipin təqdimat mərasimini keçirib.
Bundan əlavə, Elçin Şipşirin jurnalistlərin suallarını cavablayıb. O, Azərbaycandan getmə səbəbini açıqlayıb:
“Həyatın axarına qoşulub gedirəm. O axarda özümə cığırlar tapıram. Məndə olur belə, yəni bir müddət efirlərdən uzaqlaşıram. Sonra yenə qayıdıram. Pandemiyaya görə, Azərbaycana gələ bilmirdim. Hələ ki, Azərbaycandan köçüb getməmişəm. Türkiyədə də yaşayıram, öz vətənimdə də. O qədər hadisələr baş verdi ki...
Biz – incəsənət adamları çox həssas oluruq. Bir mahnıya o qədər əziyyət və vaxt sərf edirik, amma bayağı mahnılar gəlib bizim mahnılarımızı keçir. Onda bir az qırılırıq, inciyirik. Bu şeyləri yaşadım deyə, Azərbaycandan getdim. Özümə “niyə?” sualını verdim. Artıq o cür şeyləri kənara qoydum. Küsməməli, inciməməli idik. Həyatdır, maneələr də, parazitlər də yolumuza çıxa bilər. Yetər ki, biz öz işimizlə məşğul olaq. Həssaslığı və emosionallığı bu gün kənara qoyub gəlmişəm. Murad Dadaşovun bir sözü var. Deyir ki, Elçin o qədər tərbiyəlidir ki, bu, ona səhnədə mane olur. Onun dediyi söz bir tərəfdən xoşuma gəlmişdi, digər tərəfdən isə məni geri çəkmişdi. Sonralar anladım ki, bu, nə qədər dəyərli keyfiyyət imiş. Bunu da qoruyub saxlamaq asan olmadı”.
Elçin Şipşirin etdiyi dəyişikliklərdən də danışdı:
“Hər mahnımda dəyişiklik olduğu kimi, yeni mahnımda da dəyişiklik var. Bu gün mahnılarda ritm daha çox öndədir. Ondan sonra söz önəm daşıyır. Xanəndəlik ixtisasını bitirən adamam. Mənim üçün “Qara uzun saçlar” mahnısını ifa etmək asan olmadı. Məcburam bu ritmdə oxumağa, ancaq çalışdım ki, yeni ifamı səmimi şəkildə dinləyicilərə çatdırım. İnsanlarda ciddi mənada səbr qalmayıb. Mahnı 3 dəqiqədir və bu müddət özü belə adama çox gəlir. Yəni sözünü dedin, getdin. Bax, belədir artıq. Bundan başqa, gənc dinləyiciləri, kütləni qazanmaq lazımdır axı. Bizi dinləyib, birlikdə böyüdüyümüz kütlə onsuz da bizimlə birgə rəhmətə gedəcək. Gənclərin də fikrini nəzərə almaq lazımdır. Məsələn, oğlum Canın musiqiyə marağı yoxdur. Amma ritmi dəhşətli dərəcədə gözəldir”.
“Öncədən də aramızda qısqanclıq söhbəti olmayıb. Mənə görə ədəb qaydaları var. Ona görə klipdə aktrisa ilə yaxın münasibətimi görmürsünüz. “Camaat nə deyər?”, - deyə, fikirləşən deyiləm. Ancaq klip çəkilişində yaxın təmasın olmasına icazə vermədim”, - deyən müğənni həyat yoldaşının qısqanc olmadığını bildirdi.
Azərbaycanda musiqi fəaliyyətinə davam edəcəyini deyən müğənni iddialı olduğunu və şou-biznesdə özünə rəqib görmədiyini vurğulayıb:
“Çox iddialıyam. Əməlli-başlı böyümüşəm e (gülür). Şou-biznesdə özümə heç kimi rəqib görmürəm. Məni özünə kimlərin rəqib gördüyünü bilmirəm. Ancaq rəqibim yoxdur. Nə qədər imkan var, bu yolda ən uğurlu addımlar atacağam. Hesab edirəm ki, bu, mənim sonuncu şansımdır. İçimdə bir köhnə Elçin var. İstəyirəm ki, məni heç tərk etməsin”.
Onu da qeyd edək ki, Türkiyədə 18 saata, heç bir sponsor olmadan ərsəyə gələn “Qara uzun saçlar” mahnısının klipində türkiyəli aktrisa Özlem Gezgin yer alıb. Müğənni ona verilən qonorarı açıqlamasa da, aktrisaya kifayət qədər çox pul ödənildiyini deyib.
Xatırladaq ki, klip üzərində məşhur müğənnilər Ajda Pekkan, Bengü, Yalın, Hadise, Mustafa Ceceli ilə əməkdaşlıq edən, həmçinin “G.O.R.A”, “Şans kapıyı çalınca”, “Aşk tesadüfleri sever”, “Deliha”, “Kardeşim benim” filmlərinin quruluşçu rejissoru Veli Kuzlu və onun əməkdaşlıq etdiyi “The Post Brother” komandası işləyib. Mahnının sözləri və musiqisi Elşən Mövsümova, aranjımanı Elvin İmanova aiddir.