"Ded Xasan"ın ən güclü  adamını öldürmüşdü: 20 il sonra ÖMÜRLÜK CƏZA
28 may 2026 16:45 (UTC +04:00)

"Ded Xasan"ın ən güclü adamını öldürmüşdü: 20 il sonra ÖMÜRLÜK CƏZA

0

2005-ci ilin aprelində Moskvanın mərkəzində yerləşən “Yellow Submarine” restoranında silahlı insident olur. Hadisə 1990-cı illərin sonu — 2000-ci illərin əvvəllərində Rusiya kriminal aləmində baş vermiş ən amansız və uzun sürən qarşıdurmalardan birinin davamı kimi qiymətləndirilib.

Lent.az xəbər verir ki, 21 ildən sonra, 2026-cı ilin aprelində Moskva şəhər məhkəməsi həmin hücumun iştirakçılarından biri olan 45 yaşlı Məhəmməd Bəlaxovu ömürlük azadlıqdan məhrum edib.

Münaqişənin kökü: Ded Xasan və Rudik Bakinski qarşıdurması

Restoranda baş verən qanlı hadisənin səbəbini anlamaq üçün həmin dövrdə kriminal aləmdə qüvvələr balansına nəzər salmaq lazımdır. Qarşı tərəflərdən birində ölkə üzrə kölgə iqtisadiyyatının geniş sahələrinə nəzarət etdiyi deyilən nüfuzlu fiqurlardan biri — Aslan Usoyan, yəni “Ded Xasan” dayanırdı. Onun əsas rəqibi isə güclü erməni cinayət qruplaşmasına rəhbərlik etdiyi bildirilən, daha çox “Rudik Bakinski” kimi tanınan Rudolf Oqanov idi.

Bu iki qüvvə arasında qarşıdurma ani və təsadüfi xarakter daşımırdı. Münaqişənin kökləri 1990-cı illərə gedib çıxırdı. Bildirilir ki, 1997-ci ilin noyabrında Moskva vilayətində keçirilən kriminal toplantılardan birində Rudik Bakinski Ded Xasandan “qanuni oğru” statusunun alınması təşəbbüsü ilə çıxış etmişdi ki, bu da tərəflər arasında açıq qarşıdurmanın başlanğıcı kimi qiymətləndirilirdi. Bundan sonra hər iki tərəfin yaxın çevrəsinə qarşı silsilə hücumlar və qətllər baş verib.

Növbəti gərginlik nüfuz dairələrinin bölüşdürülməsi fonunda yaranmışdı. Tərəflər restoran biznesindən əldə olunan gəlirlərin paylaşılması və Moskvanın əsas bazarlarına nəzarət məsələsində ortaq məxrəcə gələ bilmirdilər. Bu qarşıdurmanın mərkəzində isə “Vaxa Suxumski” ləqəbi ilə tanınan Vaxtanq Kardava yer alırdı.

Qarşıdurmanın mərkəzindəki fiqur: Vaxa Suxumski

Vaxa Suxumski kriminal aləmdə sıradan bir şəxs sayılmırdı. O, Ded Xasana yaxın çevrəyə daxil olan ən nüfuzlu regional fiqurlardan biri hesab edilirdi. Məlumata görə, Kardava müxtəlif biznes sahələrində təsir zonasını sərt üsullarla genişləndirən şəxs kimi tanınırdı. Onun nəzarətində qiymətli metallar və daşların qeyri-qanuni dövriyyəsinin olduğu bildirilirdi.

Belə miqyaslı bir şəxsin öldürülməsi yalnız konkret adamın aradan götürülməsi deyil, eyni zamanda Ded Xasan qruplaşmasının mövqelərinə ciddi zərbə vurmaq cəhdi kimi qiymətləndirilirdi. Diqqət çəkən məqamlardan biri də budur ki, hadisədən üç il əvvəl — 2002-ci ildə Vaxa Suxumskinin qardaşı Tengiz Kardava da silahlı hücum nəticəsində öldürülmüşdü. Bu hadisə də uzunmüddətli kriminal qarşıdurmanın bir hissəsi kimi təqdim olunur.

“Joltaya Submarina” restoranına hücumun xronologiyası

İyirmi ildən sonra məhkəmə predmetinə çevrilən hadisələr 2005-ci il aprelin 25-i axşam saatlarında baş verib. İstintaq müəyyən edib ki, həmin ilin əvvəlində Məhəmməd Bəlaxov daha üç nəfərlə birlikdə əvvəlcədən cinayət əlaqəsinə girərək “Vaxa Suxumski” kimi tanınan Vaxtanq Kardavanın öldürülməsini planlaşdırıb.

Razılaşmadan təxminən bir ay sonra plan həyata keçirilib. Həmin gün dörd nəfər avtomobillə Moskvanın mərkəzində, 1-ci Tverskoy-Yamskoy döngəsində yerləşən “Yellow Submarine” restoranına gəlib. İstintaq materiallarına görə, qrup üzvlərinin rolları əvvəlcədən bölüşdürülmüşdü. Onlardan biri qaçışı təmin etmək məqsədilə maşında qalıb. Digər üç nəfər isə səsboğuculu avtomat silahlarla restoranın zalına daxil olub. Bu zaman Kardava yaxın tanışı Georgi Turçnava və şəxsi mühafizəçisi Nikolay Krutikov ilə birlikdə masada əyləşmişdi.

Məhəmməd Bəlaxova isə müşahidəçi rolu ayrıldığı bildirilir. İstintaqın versiyasına görə, o, restoranın girişində dayanmalı, çöldəki vəziyyəti izləməli və mümkün təhlükə barədə digərlərini xəbərdar etməli idi ki, bu da qrupun hadisədən sonra təhlükəsiz uzaqlaşmasına şərait yaratsın.

Silahlı hücum çox qısa müddətdə və amansız şəkildə həyata keçirilib. Hücum edənlər masada oturan şəxslərə avtomatik silahlardan atəş açaraq şam yeməyini qanlı hadisəyə çeviriblər. Nəticədə Georgi Turçinava aldığı güllə yaralarından hadisə yerində ölüb. Vaxtanq Kardava və mühafizəçisi Nikolay Krutikov xəstəxanaya çatdırılsa da, onları xilas etmək mümkün olmayıb.

Sonradan məlum olub ki, Əfqanıstan müharibəsi veteranı olan Krutikov son ana qədər müqavimət göstərməyə çalışıb və cavab atəşi açaraq hücum edənlərdən bir neçəsini yaralayıb. Buna baxmayaraq, hücumdan sonra cinayətkarlar hadisə yerindən gəldikləri avtomobillə qaçmağa müvəffəq olublar.

Ədalətə aparan uzun yol: kölgədə keçən 20 il

İlk istintaq tədbirləri nəticə verməsə də, hüquq-mühafizə orqanları qətlin sifarişli olduğunu və kriminal klanlar arasındakı qarşıdurmanın tərkib hissəsi sayıldığını qısa müddətdə müəyyən etmişdi.

İlkin mərhələdə hücumda iştirak edən bəzi şəxslərin kimliyi dəqiqləşdirilib. Şübhəlilərdən biri saxlanılsa da, günahı sübut olunmadığı üçün sonradan azadlığa buraxılıb və bir müddət sonra vəfat edib. Digər təqsirləndirilən şəxs bu epizod üzrə bəraət alsa da, başqa cinayətə görə 14 il həbs cəzası alıb. Sürücü rolunu oynadığı bildirilən üçüncü iştirakçı isə ona aid maddə üzrə müddətin bitməsi səbəbindən cəzadan yayınıb.

Məhəmməd Bəlaxov axtarışa verilsə də, o, iyirmi il ərzində hüquq-mühafizə orqanlarının diqqətindən yayınmağı bacarıb. Bildirilir ki, bu müddətdə o, iz buraxmamaq üçün xüsusi sxemlə yaşayıb: bank kartlarından istifadə etməyib, adına telefon nömrəsi açdırmayıb, rəsmi işdə çalışmayıb. Şəxsiyyətini gizlətmək üçün isə saxta pasportdan istifadə edib, başqa bir sənədə öz fotosunu yapışdırıb. Bu üsullar ona uzun illər istintaqdan yayınmağa imkan verib.

Bəlaxov yalnız 2025-ci ildə saxlanılıb. Onun tutulmasından sonra hücumun daha bir ehtimal olunan iştirakçısı — Aslan Kodzokov hələ də axtarışda qalır və onun işi ayrıca icraata ayrılıb.

Məhkəmə prosesi və hökm

Məhkəmə boyu Məhəmməd Bəlaxov özünü tamamilə təqsirsiz hesab etdiyini bildirib. O, planlaşdırılan qətldən xəbərsiz olduğunu və hadisə yerinə təsadüfən düşdüyünü iddia edib.

Bəlaxovun sözlərinə görə, onu sadəcə guya dinc işgüzar görüş zamanı qaydaya nəzarət etmək üçün işə cəlb ediblər və hadisənin silahlı hücumla nəticələnəcəyindən xəbəri olmayıb.

Lakin istintaqın topladığı sübutlar məhkəməni əks qənaətə gətirib. Məhəmməd Bəlaxov Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “a”, “j”, “z” bəndləri (iki və ya daha çox şəxsin mütəşəkkil dəstə tərəfindən sifariş əsasında qətlə yetirilməsi), 30-cu maddəsinin 3-cü hissəsi və 105-ci maddənin həmin bəndləri üzrə (qəsdən adam öldürməyə cəhd), eləcə də 222-ci maddənin 3-cü hissəsi (mütəşəkkil qrup tərəfindən silahın qanunsuz əldə edilməsi, saxlanması, daşınması və gəzdirilməsi) ilə təqsirli bilinib.

Məhkəmə ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edib. Hökmə əsasən, Bəlaxov cəzasının ilk beş ilini həbsxanada çəkəcək, daha sonra isə cəzanın qalan hissəsini çəkmək üçün xüsusi rejimli cəzaçəkmə müəssisəsinə köçürüləcək.

Beləliklə, məhkəmə qərarı 20 ərzində açılmamış qalan işə hüquqi nöqtə qoyub. Qərar bir daha göstərib ki, 1990-cı illərdə kriminal təsir dairələrinin bölüşdürülməsi uğrunda başlayan qarşıdurma 2005-ci ilin yazında Moskva restoranında faciəli sonluqla nəticələnib və həmin hadisənin hüquqi nəticələri iştirakçılardan birinə yalnız 2026-cı ildə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar