Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşının idarə etdiyi yük avtomobilində yoxlama aparılıb.
DGK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin kabinəsində üzərində “XANAX 0,5 mg ALPRAZOLAM ” sözləri yazılmış 100 konvalyut dərman preparatı aşkar edilib.
Xatırladaq ki, alprazolam adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in III Siyahısına daxildir. Aşkar edilən 100 konvalyutda ümumi sayı 1000 ədəd olan həbdə alprazolamın təsiredici maddəsinin ümumi miqdarı 0,5 qram təşkil edir.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.