İdmançı tanışını öldürən oğlan: <b>"Sevgilimə sataşdığı üçün bıçaqladım"</b>
07 fevral 2014 13:00 (UTC +04:00)

İdmançı tanışını öldürən oğlan: "Sevgilimə sataşdığı üçün bıçaqladım"

Bikə sevgilsi 22 yaşlı Vaqifə zəng edib görüşə çağıranda faciənin baş verəcəyindən xəbəri yox idi. Onun istəyi küsülü olduğu sevgilisi ilə barışmaq idi. Elə buna görə də gecə vaxtı rəfiqəsi ilə birlikdə  Vaqifin yaşadığı qəsəbəyə gəlir və ona zəng edib görüşə çağırır. Onlar görüşüb barışdıqdan sonra Vaqif siqaret almaq üçün yaxınlıqdakı kompüter salonuna gedir. Elə hər şey də bundan sonra baş verir...

 

“Bikənin yaxasından tutmuşdu”

 

Vaqif salonda olarkən qızların qışqırdıqlarını eşidib bayıra qaçır və bir oğlanın sevgilsinin yaxasından tutduğunu görürür. Ona qızın sevgilsi olduğunu deyib buraxmasını istəsə də, oğlan Vaqifə yumruq atır. Bundan sonra Vaqif cibindəki bıçağı çıxararaq həmin oğlanı bıçaqlayır.

 

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Vaqif Həsənov özünü təqsirli bilərək ifadəsində göstərib ki, mərhum Əjdər Həsənovu uşaqlıq vaxtlarından bir məhəllə uşağı kimi tanıyıb: “Əjdərlə münasibətimiz yaxşı olub. Heç vaxt mübahisəmiz olmayıb. Mən Yasmin kimi çağırılan Bikə Quluşova adlı qızla tanış olmuşdum. Onu sevirdim və evlənməyi planlaşdırırdım. Hadisə baş verən gündən əvvəl Yasminlə aramızda mübahisə olmuşdu. Ona görə də həmin gün saat 22-23 radələrində Yasmin zəng edərək görüşmək istədiyini bildirdi. Mən gec olduğu üçün görüşmək istəmirdim. Təxminən 40-50 dəqiqədən sonra Yasmin mənim mobil nömrəmə yenidən zəng edib, “Komsomolski” dairəsinə gəldiyini və qabağına çıxmağımı xahiş elədi. Mən də evdən çıxaraq piyada oraya gəldim. Çatanda Yasminin rəfiqəsi Fidanla gəldiyini gördüm. Biz  “Aeroport” şossesinin üstündəki keçidi birlikdə keçərək, yaşadığım evə tərəf gəlirdik. Yolda siqaret almaq üçün qızları tək qoyaraq kompüter salonuna girdim. Həmin vaxt Yasminlə Fidan küçədə qalaraq məni   gözləyirdilər. Mən kompüter salonuna yenicə girmişdim  ki, qızların qışqırıq səsini eşitdim. Elə bu zaman küçəyə çıxdım və  gördüm ki, Əjdər qızlara yaxınlaşıb nəsə deyir və Bikənin yaxasından tutub. Əvvəllər tanıdığım  Elnur isə bizdən bir qədər aralıda durmuşdu. Qışqıraraq dedim ki, “onlar mənimlədirlər”. Mən Əjdərə tərəf cumdum. Həmin vaxt əvvəllər tanıdığım “Qoca” ləqəbli Elnur mənə dedi ki, “içkilidir, baş qoşma!”. Təkrarən onun üstünə qışqıranda həmin oğlan mənim sifətimə yumruq atdı. Yumruq mənim boynumdan tutdu. Biz mübahisə etməyə başladıq. Mən onu qorxutmaq üçün cibimdə olan qatlanan tipli cib bıçağını çıxartdım. Elə  bu zaman Əjdər üstümə gəldi. Mən də onu qarın nahiyyəsindən bir neçə dəfə bıçaqladım. Sonra da qorxduğum üçün qızlarla birlikdə oradan qaçıb getdik. Törətdiyim cinayət əməlindən peşmanam”.  

 

Oğlumu toya yola saldıq, meyiti gəldi

 

Məhkəmədə ifadə verən Əjdərin atası Zakir Həsənov isə bildirib ki, oğlu uşaqlıqdan idmanın cüdo növü ilə məşğul olub və bir neçə yarışda uğur qazanıb: “Onun medalları və diplomları da var. Oğlum Əjdər həmin gün dostları Rafiz, “Qoca” ləqəbli Elnur, Namiq və tanımadığım digər dostları ilə tanışlarının toyuna getdilər. Həmin gün gecə, saat 00.30 radələrində mən  işdə olarkən Əjdərin dostlarından biri zəng edib onun dalaşdığını və bıçaqlandığını dedi. Bundan sonra 3 saylı şəhər Klinik Xəstəxanasına gəldim. Orada həkimlər oğlumun vəziyyətinin ağır olduğunu, saat təxminən 03-04 radələrində isə rəhmətə getdiyini bildirdilər. Xəstəxanada olarkən oğlumun dostları Əjdərin Vaqif tərəfindən bıçaqla vurulduğunu dedilər. Oğlumu toya yola saldıq, meyiti gəldi”.

 

“Əli qarnında divarın dibinə oturduğunu gördüm”

 

Şahid Elnur Məmmədov isə məhkəmədə ifadə verərkən bildirib ki, Əjdər Həsənovla dostluq edib: “Həmin gün toydan gəlirdik. Evə gələndə keçidin yanında iki nəfər tanımadığımız qızın dayandığını gördüm. Mən həmin qızları bizim məhəllədə qalan başqa qızlara oxşatdım. Ona görə də qızlara salam verib, yanlarından keçdim. Həmin vaxt Əjdər mənim  arxamca gəlirdi. Lakin Əjdərin qızların yanında qaldığını gördüm. Əjdər qızlarla söhbət etməyə başladı. Həmin vaxt Əjdərdən 2-3 metr aralıda idim. Mən Əjdərə mənimlə  gəlməsini bildirdim. Ancaq Əjdər qıızlarla söhbət etməkdə davam etdi. Mən biraz da irəliləyərək internet klubun yanına çatdım. Həmin vaxt Vaqif internet klubdan çıxıb gördü ki, qızlarla Əjdər təxminən 5-6 metr aralıda durublar. Vaqif qışqırdı ki, “kimsən sən”. Mən Vaqifin qolundan tutub dedim ki, “Əjdərdir, öz uşağımızdı”. O isə qolunu çəkərək qaça-qaça Əjdərə tərəf getdi. Mən də Vaqifin arxasınca getdim. Vaqif Əjdərin üstünə gedəndə qızların qışıqırıq səsi gəldi. Əjdər sol əli ilə Vaqifin çiynindən tutmaq istədi. Lakin həmin an Əjdərin qarnını tutaraq arxaya tərəf getdiyini və əli qarnında divarın dibinə oturduğunu gördüm. Vaqif Əjdəri vurduqdan sonra kənara çəkildi. Mən Əjdərin yanına yaxınlaşdım. Vaqifin hansı tərəfə getdiyini görmədim. Bundan sonra Əjdəri taksiyə qoyub,  Sabunçudakı 3 saylı şəhər klinik xəstəxanasına apardım”.

 

“...məni özünə sıxdı və bir əli ilə də arxama əl atdı”

 

Bikə Quluşova isə ifadəsində göstərib ki, onun əsl adı Bikə Quluşova olmasına baxmayaraq, hamı onu Yasmin kimi tanıyıb: “Vaqif Həsənovla təsadüfən tanış olmuşduq. Əjdəri isə tanımıram. Həmin gün Vaqif məndən küsdüyü üçün onunla görüşə gəldim ki, barışaq. Vaqiflə bir qədər söhbət edəndən sonra barışdıq. Vaqif siqaret almaq üçün internet klubun içərisinə girdi. Həmin vaxt avtobusdan  təxminən 7-8 nəfər cavan oğlan düşdü. Mən və Fidan bir az kənara çəkilib Vaqifin siqaret alıb qayıtmasını gözlədik. Həmin vaxt avtobusdan düşənlərdən iki nəfər bizə yaxınlaşdı. Onlardan biri Fidanla mənə  söz ataraq “nə bomba şeydir” dedi. Mən onlara bildirdim ki, problem yaratmayın, çıxın gedin. Həmin vaxt hiss etdim ki, onlar içkilidirlər. Onlara bildirdim ki, Vaqifin yanına gəlmişik. Həmin vaxt onlardan biri, sonradan adını bildiyim Əjdər əlini belimə ataraq məni özünə sıxdı və bir əli ilə də arxama əl atdı. Mən  bərkdən qışqırdım. Onun yanındakı oğlan da Fidana nə isə dedi, lakin Fidana yaxınlaşmadı. Bizim səsimizə Vaqif gəldi. O çatan kimi Əjdərə “nə edirsən? Onlar mənimlədir, burax onu” dedi. Əjdər isə ona bildirdi, “sən kimsən? Get işinlə məşğul ol”. Bundan sonra məni  buraxaraq Vaqifin üstünə cumdu. Həmin vaxt Vaqiflə Əjdər əlbəyaxa oldular. Qorxudan biz oradan qaçaraq uzaqlaşdıq. Bir neçə dəqiqədən sonra Vaqif gəlib çatdı. Vaqif onlara Əjdəri bıçaqla vurduğunu və gedib təslim olacağını bildirdi. Ondan sonra o, bizi bir taksiyə mindirərək yola saldı” . 

 

Məhkəmə hökmü

 

Cinayət işi üzrə ibtidai istintaq tamamlandıqdan sonra baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə V. Həsənov 11 il müddətə azadlıqdan məhrum edilib.

 

Qeyd : Yazı cinayət işinin materialları əsasənda xüsusi olaraq “Lent.az” saytı üçün hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2737
avatar

Şəhriyar Əlizadə

Oxşar yazılar