Mayın 29-da 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında baş tutacaq III Qəbələ Kubokunun daha bir iştirakçısı bəlli olub. Lent.az-ın məlumatına görə, "Fənərbağça" (Türkiyə), "Lokomotiv" (Moskva, Rusiya) və "Liverpul"un (İngiltərə) ardından Fransanın "Olimpik" (Marsel) klubu da Qəbələyə gələcəyini rəsmən təsdiqləyib.
Bununla da III Qəbələ Kubokunda mübarizə aparacaq 8 komandadan 5-i dəqiqləşib. Turnirin ev sahibi “Qəbələ” də iştirakçılar arasında olacaq. Yarış iyunun 1-dək davam edəcək.
Qeyd edək ki, artıq ənənəyə Qəbələ Kubokunun coğrafiyası ildən-ilə genişlənir. Builki yarışda ilk dəfə İngiltərə və Fransa təmsilçiləri yer alacaqlar. Əvvəlki turnirlərdə isə İspaniya, Hollandiya, Portuqaliya, Türkiyə, Danimarka, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri çıxış ediblər.