Fevralın 13-də saat 16 radələrində Biləsuvar şəhərində baş vermiş partlayışla bağlı cinayət işi başlanıb. Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə “KamAZ” markalı yük avtomobilinin qoşqusunun üzərində olan yanacaq çənində yaranmış nasazlığı aradan qaldırmaq məqsədilə qaynaq işləri aparılan zaman baş vermiş yanğınla müşayiət olunmayan partlayış nəticəsində avtomobilin sürücüsü Şaiq Cəfərli və qaynaq işlərini aparan Əjdər Poladovun ölmələri, fəhlə Baloğlan Poladovun isə xəsarət alması faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
B.Poladov aldığı bədən xəsarətləri ilə əlaqədar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İş üzrə zəruri ekspertizalar təyin edilib və hazırda istintaq tədbirləri davam etdirilir.