Polis əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində ölkə ərazisində narkotik vasitələrin satışını təşkil edən İran vətəndaşının rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Lent.a-za verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlqla Mübarizə İdarəsinin əldə etdiyi əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı paytaxt ərazisində müvəqqəti yaşayan qeyd edilən ölkənin vətəndaşı Omid Karimi və onunla birlikdə narkotik vasitələrin satışı ilə məşğul olan Asif Beliyev tutulublar. Bu şəxslərin üzərindən və yaşadıqları evdən 2 kiloqrama yaxın tiryək, marixuana və elektron tərəzi aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən dəstənin digər üzvləri Rufan Azəri, Mikayıl Rzayev, İlqar Yunusov, Nahid Abbasov, Xəqani Əzizli, Şəmistan Teymurov, Yunus Muxtarov və Məhəmməd Həsənov saxlanılıblar. Bu şəxslərdən, onların avtomobillərindən və yaşayış ünvanlarından isə ümumilikdə 9 kiloqrama yaxın heroin, metamfetamin, tiryək, psixotrop tərkibli dərmanlar və digər maddi sübutlar aşkar edilib.
Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.