Kirayə ev   axtaranlara xəbər – “Qiymətlər əvvəlki səviyyəyə qayıtmayacaq”
16 noyabr 2026 14:09 (UTC +04:00)

Kirayə ev axtaranlara xəbər – “Qiymətlər əvvəlki səviyyəyə qayıtmayacaq”

0

Bakıda kirayə mənzil bazarında qiymətlər mövsümdən asılı olaraq dəyişir. Adətən yay aylarının sonu və payızın əvvəlində, xüsusilə tələbələrin paytaxta axını ilə əlaqədar kirayə evlər bahalaşır.

Bəs hazırda Bakıda kirayə mənzillərin qiymətində enmə gözlənilirmi? Qarşıdakı aylarda ev kirayələmək istəyənlər daha münasib qiymətlərlə qarşılaşacaqlar, yoxsa bahalaşma davam edəcək?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc Lent.az-a açıqlamasında bildirib ki, kirayə evlərin qiymətinin kəskin azalması gözlənilmir:

“Hazırda Bakıda kirayə mənzil bazarında qiymətlərin kəskin azalmasını gözləmirəm. Yay ayları ilə müqayisədə qiymət artımının tempi həqiqətən də zəifləyir. Bəzi ərazilərdə müəyyən ucuzlaşma halları müşahidə oluna bilər. Amma bunu bütün daşınmaz əmlak bazarının kirayə seqmentinə aid etmək olmaz.

Çünki mövsümi tələb azalması ilə bağlı bazarda müəyyən süstlüyün yaranması ayrı, qiymətlərin ucuzlaşması isə tamam başqa məsələdir.

Adətən avqust-sentyabr aylarında Bakıya tələbə axını olur və həmin dövrdə kirayə mənzillərin qiymətləri çox sürətlə və dinamik şəkildə artır.

Payızın sonunda və qışda isə təbii ki, tələb əvvəlki kimi olmadığından daşınmaz əmlak bazarında müəyyən qədər süstlük yaranır. Amma bu, kirayə mənzillərin qiymətinin enməsi demək deyil.

Burada başqa bir məqam da var. Bazarda təklif olunan mənzillərin sayı azdır. Müəyyən şəxslər mövcud vəziyyəti nəzərə alaraq mənzillərini daha aşağı qiymətə təklif edə bilərlər. Lakin bu, ümumi ucuzlaşma tendensiyası deyil.

Çünki birincisi, tikintinin həcmi aşağıdır. İkincisi, kirayə mənzillərə tələb hələ də mövcuddur. Regionlardan Bakıya daxili miqrasiya davam edir. Xaricdən gələn investorlar var. İş yerlərinin dəyişməsi nəticəsində ölkə daxilində kirayə mənzil bazarına müraciət edənlərin sayı artır.

Bundan başqa, söküntü ilə əlaqədar öz mülkiyyətindən müvəqqəti çıxmış vətəndaşlar kompensasiya hesabına kirayə mənzil bazarına müraciət edirlər.

Növbəti amil isə satış öhdəliyi ilə kirayə mexanizmidir. 12 mindən çox şəxs bu mexanizm vasitəsilə mənzil bazarına müraciət edib. Onların da mənzilə ehtiyacı var. Əslində, bu rəqəm faktiki olaraq 12 mindən də çoxdur.

Belə olan halda kirayə mənzil bazarında ciddi qiymət enməsini gözləmək sadəcə səthi yanaşmadır.

Real bazarın iştirakçıları bilirlər ki, belə ciddi qiymət enməsini gözləmək olmaz.

Ümumiyyətlə, kirayə bazarının strukturu belədir ki, hər il mövsümi bahalaşma dövründə qiymətlər yüksək həddə çatır. Sonra tədricən sabitləşmə, müəyyən hallarda isə cüzi enmə müşahidə olunur.

Lakin bu enmə və sabitləşmə nə qədər olsa da, qiymətlər mövsümi bahalaşmadan əvvəlki səviyyəyə qayıtmır.

Yəni ildən-ilə qiymətlər artır. Ümumi tendensiya kirayə mənzil qiymətlərinin artması istiqamətindədir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 36

Oxşar yazılar