Vətəndaşların 14 milyonunu "Atlant"a  xərclədilər, əllərindən alındı - AĞIR CƏZA
16 noyabr 2026 13:23 (UTC +04:00)

Vətəndaşların 14 milyonunu "Atlant"a xərclədilər, əllərindən alındı - AĞIR CƏZA

0

Bakıda eyni mənzili bir neçə nəfərə satmaqla 172 vətəndaşa ümumilikdə 14 milyon manat ziyan vurmaqda ittiham olunan “Təbriz” MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə hökm oxunub.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən qapalı məhkəmə prosesində təqsirləndirilən şəxslərə cəza təyin edilib.

Məhkəmənin hökmü ilə Nofəl Hacıyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Şirkətin icraçı direktoru Talış Məhəmmədova isə yaşı və səhhəti nəzərə alınaraq 1 il sınaq müddəti müəyyən edilməklə 3 il şərti cəza verilib.

Məhkəmənin qərarı ilə üzərinə həbs qoyulmuş “Atlant” istirahət mərkəzi də müsadirə edilib.

İttihama əsasən, Nofəl Hacıyev və Talış Məhəmmədov 2018–2022-ci illər ərzində “Təbriz” MTK-nın tikintisi davam edən binasındakı eyni mənzilləri bir neçə vətəndaşa satıblar. Bu yolla 172 nəfərdən ümumilikdə 14 milyon manat əldə edildiyi bildirilir.

İstintaq materiallarına görə, vətəndaşlardan dələduzluq yolu ilə alınan pullar “Atlant” istirahət mərkəzinin təmir-tikinti işlərinə sərf olunub.

Cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq zamanı təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, Nofəl Hacıyev “Atlant” istirahət mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkənidir. O, eyni zamanda istirahət mərkəzinin şəriklərindən biri olub.

İttihama görə, vətəndaşlardan əldə edilən 14 milyon manatın “Atlant”ın təmir və tikintisinə yönəldilməsi səbəbindən cinayət işi çərçivəsində istirahət mərkəzinin əmlakı üzərinə həbs qoyulmuşdu.

Məhkəmənin yekun hökmü ilə həmin istirahət mərkəzinin müsadirə olunmasına qərar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 136

Oxşar yazılar