“Air France” aviaşirkətinin prezidentinin köməkçisi, Venesuela Milli Qvardiyasının podpolkovniki də saxlanılıb
Venesuelada Fransanın “Air France” aviaşirkətinin təyyarəsində çamadanlara yığılmış 1 tondan artıq kokain aşkarlanıb.
Lent.az-ın “France-24” telekanalına istinadən verdiyi məlumata görə, Venesuela daxili işlər naziri Migel Rodriges Torres olayla bağlı 22 nəfərin saxlanıldığını açıqlayıb.
Saxlanılanlar təyyarənin fransız personalı və aeroportda xidmət edən Venesuela Milli Qvardiyasının zabit və əsgərləridir. Migel Rodriges Torres bu həcmdə narkotikin aeroportda yük bölümündən, rentgen aparatından keçdikdən sonra təyyarəyə yüklənməsinin yalnız cinayətkar şəbəkə sayəsində mümkün ola biləcəyini söyləyib. Onun sözlərinə görə, bu səbəbdən də yükün aeroporta daxil olmasından təyyarəyə yüklənməsinə qədər məsul olan şəxslərin hamısı saxlanılıb. Migel Rodriges Torres bildirib ki, belə əməli yalnız cinayətkar şəbəkə həyata keçirə bilər.
Saxlanılanlar arasında “Air France” aviaşirkətinin prezidentinin köməkçisi Xuan Çirino Arisa, o cümlədən Venesuela Milli Qvardiyasının podpolkovniki də var. Cinayəti törədənlərin müəyyənləşdirilməsi üçün müşahidə kameralarındakı görüntülər araşdırılır.
Bu arada Fransa polisinin də olayla bağlı Parisdə 6 nəfəri saxladığı açıqlanıb. Onların üçü italyan, üçü isə ingilisdir.