Rusiya sərhədçiləri Ermənistanda deputatı da saymırlar
27 sentyabr 2013 04:36 (UTC +04:00)

Rusiya sərhədçiləri Ermənistanda deputatı da saymırlar

Ermənistan parlamentinin müxalifətdə olan “İrs” partiyasından deputatı Zaruhi Postanjian «AzadlıqRadio»sunun erməni xidmətinə bildirib ki, Rusiya sərhədçiləri Yerevan-Meğri yolunda onun maşının saxlayaraq, qanunsuz axtarış aparıblar.

 

Lent.az-ın «Azadlıq» radiosuna istinadən məlumatına görə, sərhədçilər yaranan mübahisəni çəkən partiya üzvlərinin əlindən kameranı da alaraq, sındırıblar.

Deputatın dediyinə əsasən,  sərhədçilər əvvəlcə axtarış üçün heç bir səbəb göstərməyiblər, amma sonradan bildiriblər ki, qaçmış bir adamı axtarırlar.

“İrs” partiyasının təmsilçiləri bu hadisə ilə bağlı polisə müraciət ediblər.

Hadisənin baş verdiyi ərazidə parlamentə əlavə seçkilər keçirilir. Deputat mandatı uğrunda mübarizəyə hakim partiya ilə yanaşı “İrs” partiyasının təmsilçisi də qoşulub.

“İrs” yaydığı bəyanatında baş verən hadisəni “ölkə daxilindəki siyasi proseslərə xaricdən müdaxilə” kimi qiymətləndirir: “Biz Rusiya və Ermənistan hakimiyyətindən bu hadisəyə görə üzr istəməyi, hüquq-mühafizə orqanlarından isə məsələni araşdırıb günahkarları cəzalandırmağı tələb edirik” – deyə bəyanatda bildirilib.

Moskva ilə Yerevan arasında razılaşmaya görə Ermənistanın dövlət sərhədlərini Rusiya hərbçiləri qoruyur.

Hələlik bu hadisə ilə bağlı rəsmilərdən heç bir reaksiya yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1335
avatar

Oxşar yazılar