Rusiyanın paytaxtı Moskvada yerli sakin Yeqor Şerbakovun azərbaycanlı şaurma satıcısı tərəfindən öldürüldüyünə dair xəbərlər yayılıb. Lent.az-ın yerli “Gümüş yağış” radiosuna istinadən verdiyi məlumata görə, adı açıqlanmayan həmyerlimizin “Pokrovskaya” tərəvəz bazarında çalışdığı bildirilir.
Yayılan xəbərlərə əsasən, şaurma alverçisi Şerbakovun qız tanışına sataşıb. Bu zaman yerli sakinlə həmyerlimiz arasında mübahisə baş verib. Satıcının bıçaq zərbəsindən sonra Şerbakov ölüb. Moskvalılar əvvəlcə polis şöbəsinə gələrək, onun qatilini tapmağı tələb ediblər. Ötən gün isə internet vasitəsilə “xalq yığıncağı” təşkil olunub. Dəstə Avropada ən böyük əraziyə malik tərəvəz bazasına soxularaq, çaxnaşma törədib və yerli “Biryuza” ticarət mərkəzini dağıdıb.
Qeyd edək ki, daha öncə milli zəminli böyük toqquşma 2010-cu ildə Manej meydanında baş verib.