“OMON “Pokrov” bazarı yaxınlığında 140-a yaxın adam saxlayıb. Onların böyük əksəriyyəti azərbaycanlıdı. Saxlanılanların bəzilərinin avtomobillərində silah aşkarlanıb. 70 nəfərə 2 sutka inzibati həbs verilib”. Bu barədə Lent.az-a Moskvada yaşayan həmyerlimiz, “Diaspora inform” ümumrusiya qəzetinin şef-redaktoru Reyhanə Aslan bildirib. Onun sözlərinə görə, Moskvada saxlanılan miqrantların ümumi sayı 1200-dən çoxdur.
“Vəziyyət gərgin olaraq qalır. İğtişaşların yaranmasında nədənsə sadəcə azərbaycanlıları günahlandırılır. Buna görə də digər ölkələrdən olan miqrantların da arasında azərbaycanlılara qarşı nifrət hiss yaranıb” deyə o bildirib.
R. Aslanın sözlərinə görə, “Pokrov” bazarının bağlanması azərbaycanlıların durumuna çox pis təsir edəcək. “Bazarda minlərlə azərbaycanlı çalışır. Bazar bağlı qalsa, onların taleyi necə olacaq, bilinmir”.
Qeyd edək ki, Rusiya paytaxtında oktyabrın 10-da 25 yaşlı gəncin qafqazlı naməlum şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və “skinhed”lər Qərbi Biryulevo rayonunda yerləşən “Biryoza” ticarət mərkəzi və meyvə-tərəvəz bazarına hücum ediblər. “Skinhed”lər ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantlara hücum edərək onları ölümcül döyüblər. Hadisə yerinə xüsusi-təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstəriblər. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər yetiriblər. Rus millətçilərinin törətdiyi iğtişaşlar nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.
Rusiya hüquq-mühafizə orqanları qətli törədən şəxsin tapılması istiqamətində geniş miqyaslı əməliyyat tədbirləri həyata keçirir. Bu səbəbdən paytaxtın bütün ticarət bazalarında kompleks yoxlamalara başlanılıb.