Bundestaqda türk əsilli deputatların sayı artıb
Almaniyada keçirilən parlament seçkilərində baş nazir Angela Merkelin sədri olduğu Xristian Demokrat Partiyası qalib gəlib.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, exit-pollun nəticələrinə əsasən, xristian demokratlar 42-42,5 faiz səs toplayıblar.
Bununla da, Angela Merkelin rəhbərlik etdiyi konservativ blokun növbəti 4 il ərzində də Almaniyanı idarə edəcəyi qətiləşib. Tərəfdarları qarşısında çıxış edən Angela Merkel seçkinin nəticələrinin “çox əla” olduğunu söyləyib: “Bu, super nəticədir. Biz qarşıdakı 4 ildə Almaniyanın uğurları üçün əlimizdən gələni edəcəyik. Bizim hansı planları həyata keçirəcəyimiz barədə danışmaq hələ tezdir, bu gün bayram edək”.
Qeyd edək ki, seçkinin ilkin nəticələrinə görə, Bundestaqda müxtəlif partiyalardan türk əsilli 10 deputat yer alacaq. Bundan öncə parlamentdə 5 türk əsilli deputat olub.