İsrail və Fransa arasında diplomatik qalmaqala yol aça biləcək olay baş verib.
Lent.az-ın “Frans-press” agentliyinə istinadən verdiyi məlumata görə, İsrail əsgərləri Qərbi Şəriada evləri İsrail ordusu tərəfindən dağıdılan fələstinlilərə çadır və humanitar yardım aparmaq istəyən qrupu müşahidə edən Fransa, İngiltərə, İspaniya, İran və İsveç diplomatlarına qarşı zorakılıq ediblər.
Hadisə yerində olan “Frans-press” agentliyinin müxbiri fransız diplomat Marion Fesneau-Castingin humanitar yardım aparan avtomobildən endirilərək sürükləndiyini bildirib. Müxbir həmin anları əks etdirən fotoşəkilləri də yayaraq diplomatın sürükləndiyini təsdiqləyib. Avropadakı diplomatik qaynaqlar da fransız diplomatın avtomobildən endirilərək yerə yatırıldığını və başına silah dirəndiyini təsdiqləyib.
İsrail ordusunun sözçüsü isə olay yerində çadır qurulmasına cəhd göstərildiyini və təhlükəsizlik qüvvələrinin məhkəmə qərarına əsaslanaraq bu cəhdin qarşısını aldıqlarını bəyan edib. Olay zamanı daş atan 3 fələstinlinin də həbs edildiyi bildirilib.
Qeyd edək ki, sentyabrın 16-da İsrail ordusu İordaniya vadisindəki Mekhul kəndində yaşayan bədəvilərin evlərini dağıdıb. Səbəb kimi isə bölgənin hərbi zona elan edilməsini və ərəblərin evlərinin sənədlərinin olmamasını göstəriblər.