İran Təhlükəsizlik Şurasının sabiq sədri Hasan Ruhani prezidentliyə namizədlər siyahısından çıxarıla bilər.
Lent.az-ın İranın “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, hazırda Müşahidə Şurası Hasan Ruhaninin seçkiqabağı kampaniyasının ölkə qanunvericiliyinə uyğunluğunu yoxlayır.
Müşahidə Şurası şübhələnir ki, Hasan Ruhani teledebat zamanı İranın sülh məramlı atom proqramı ilə bağlı konfidensial məlumatları açıqlaya bilər. Digər tərəfdən, Hasan Ruhani şənbə günü keçirdiyi seçkiqabağı mitinqdə həddən artıq aqressiv bəyanatlar səsləndirib. Müşahidə Şurası bu gün Tehranda keçirəcəyi mətbuat konfransında Hasan Ruhani ilə bağlı apardığı araşdırmaların nəticələrini açıqlayacaq.
Qeyd edək ki, Müşahidə Şurası iyunun 14-də keçiriləcək prezident seçkilərinə 8 namizəd buraxıb. Seçkilərdə islahatçı qanadı Hasan Ruhani, sabiq vitse-prezident Məhəmməd Reza Aref və sabiq rabitə naziri Səid Məhəmməd Qarazi, mühafizəkarları isə sabiq xarici işlər naziri Əli Əkbər Velayəti, İranın atom proqramı üzrə sabiq müzakirəçisi Səid Cəlili, İran parlamentinin sabiq sədri Qolyam Əli Xadad Adel, Siyasi Məqsədəuyğunluğun Müəyyənləşdirilməsi üzrə Şuranın katibi Mohsen Rezai və Tehran meri Məhəmməd Baqer Qalibaf təmsil edir. İran Konstitusiyasına görə, hazırkı prezident Mahmud Əhmədinejad üçüncü dəfə prezidentliyə namizədliyini verə bilmədiyi üçün namizəd deyil.