213 nəfərin edamı gizli həyata keçirilib
İranda bir il ərzində edam edilənlərin statistikası açıqlanıb.
APA-nın HRANA-ya istinadən məlumatına görə, 2012-ci il oktyabrın 11-dən 2013-cü ilin oktyabrın 10-dək bu ölkənin müxtəlif nöqtələrində 537 nəfər dara çəkilib. Bu rəqəm əvvəlki göstərici ilə müqayisədə 9% çoxdur.
Hesabatda bildirilir ki, 2012-ci il yanvarın 16-da futbol meydanlarında həyata keçirilmiş edam FİFA-nın narazılığına səbəb olub və ali futbol qurumu İran Futbol Federasiyasına məktub göndərdikdən sonra stadionlarda edam hökmlərinin icrası dayandırılıb.
Sənəddə deyilir ki, bir il ərzində ən çox edam İranın Əlborz vilayətində icra edilib. Belə ki, Kərəc şəhərinin üç məşhur – Qızılhasar, Rəcayişəhr və Nedamətqah həbsxanalarında 93 nəfər dara çəkilib. Edam hökmlərinin icrasına görə sonrakı yerləri Tehran vilayəti (42 nəfər) və Farsla Qərbi Azərbaycan vilayətləri (38 nəfər) bölüşdürür. Bunların arasında edam hökmlərinin icrasının sayına görə Kərəc şəhərinin Rəcayişəhr həbsxanası (47 nəfər) birinci, Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərinin mərkəzi həbsxanası (40 nəfər) ikinci və yenə Kərəc şəhərinin Qızılhasar həbsxanası (37 nəfər) isə üçüncü yerdədir. Bundan əlavə, Fars vilayəti ərazisinə daxil olan müxtəlif şəhərlərdə ictimaiyyətin gözü qarşısında ən çox edamların icra edildiyi vilayətdir. Belə ki, bu vilayətdə həmin müddət ərzində 23 nəfər əhalinin gözü qarşısında asılıb.
Hesabatda qeyd olunur ki, məhbusların 62%-i narkotik maddələrin qaçaqmalçılığı, 13%-i qətl, 11%-i isə təcavüzdə günahlandırılaraq edam edilib.
Sənəddə vurğulanır ki, hazırda İran həbsxanalarında üç azyaşlı edam cəzasının icrasını gözləyir: “Belə ki, 14 yaşında qətl törətmiş bir azyaşlının 18 yaşı tamam olandan sonra edam hökmü icra ediləcək. Bundan əlavə, 17 yaşında qətl törətmiş Fərhad adlı bir yeniyetməni Tehran Cəza Məhkəməsinin 74-cü şöbəsi ölüm cəzasına məhkum edib. Eyni zamanda İran Ali Məhkəməsinin 6-cı şöbəsi 16 yaşında qətl törətmiş Bahaəddin Qasımzadənin edam hökmünü təsdiqləyib”.
Hesabatda bildirilir ki, ötən bir il ərzində ölkənin müxtəlif şəhərlərində 106 nəfər narkotik maddələrlə bağlı ittihamlara görə ölüm cəzasına məhkum edilib: “Nəticə etibarilə 2012-ci il oktyabrın 11-dən bəri 537 nəfər dara çəkilib və onlardan da 67 nəfəri (12%) əhalinin gözü qarşısında edam edilib. Dara çəkilənlərin 61%-nin cinsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Edam edilənlərdən yalnız 189 nəfərinin kişi, 19 nəfərinin qadın olduğu məlumdur. Eyni zamanda əhalinin gözü qarşısında dara çəkilənlər istisna olmaqla, edam olunanların 60%-nin ad və soyadları açıqlanmayıb. Bundan əlavə, İranda edamların 40%-i (213 nəfər) gizli şəkildə həyata keçirilib. Ədliyyə orqanları bununla bağlı mətbuata heç bir məlumat verməyib”.
Sənəddə deyilir ki, 2011-ci il oktyabrın 11-dən 2012-ci ilin oktyabrın 10-dək bu ölkənin müxtəlif nöqtələrində 488 nəfər edam edilib. Bu, indiki göstərici ilə müqayisədə 9% azdır. Ancaq sonrakı il ərzində ictimai edamlar 14% artıb. Fars vilayəti yenə də ötən müddət ərzində ən çox açıq edamların icra edildiyi vilayət olub.
Hesabatda vurğulanır ki, 2013-cü ilin noyabrında minimum 24, maksimum 88 nəfərin, dekabrında isə minimum 13, maksimum 47 nəfərin edam ediləcəyi gözlənilir.