Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın keçəcəyi yol atəşə tutulub.
Lent. az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu gecə saat 3:15 radələrində Rəcəb Tayyib Ərdoğan ANA tipli təyyarə ilə İstanbulun Sabiha Gökçen hava limanına gəlib.
Baş nazir daha sonra avtomobil karvanı ilə limandan Kısıklıdaki ofisinə doğru hərəkətə başlayıb. Polis Rəcəb Tayyib Ərdoğanın maşın karvanının keçəcəyi yol və körpülərin üzərində təhlükəsizlik tədbirləri görüb. Bu zaman Mustafa Kamal körpüsünə maşın karvanının keçməsini gözləyən xüsusi təyinatlı polislərlə Ataşehir rayon Polis İdarəsinin əməkdaşlarına 100 metr məsafədən, 3001 Prospektindən atəş açılıb. Yerə yatan polislər əraziyə əlavə xüsusi təyinatlı dəstələr göndərilməsini istəyib. Əlavə kömək gəlib və Rəcəb Tayyib Ərdoğanın maşın karvanı da körpüyə çatmamış dayandırılıb. Baş nazirin maşın karvanı Mustafa Kamal körpüsünün altındakı Boğaziçi körpü yolundan keçərək Kısıklıdaki ofisə çatıb.
Polis prospektdə 7 ədəd boş giliz tapıb. Polis atəş açan şübhəli və ya şübhəliləri tapmaq üçün geniş miqyaslı əməliyyata başlayıb.