Keniyanın paytaxtı Nayrobidə “Uestqeyt” ticarət mərkəzinə hücum edən silahlılara britaniyalı Samanta Lyutveyt rəhbərlik edir.
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, ticarət mərkəzindəki insanları girov götürən terrorçular arasında Londonda anadan olmuş 23 yaşlı Liban Adam və 24 yaşlı Nasir Şirdun da var.
Keniyalı hərbçilər bildiriblər ki, ticarət mərkəzinə hücum zamanı çadrada olan ağdərili qadın ərəb dilində əmrlər verib. Samanta Lyutveyt 2005-ci il iyulun 7-də London metrosunda partlayış törədən terrorçu-kamikadze Cermen Lindsinin həyat yoldaşıdır. Cermen Lindsi özü də 26 nəfərin öldüyü həmin partlayışda həyatını itirib.
29 yaşlı Samanta Lyutveyt britaniyalı hərbçinin ailəsində dünyaya göz açıb. Milliyətcə ingilis olduğu bildirilsə də, Şimali İrlandiya əsilli olduğu barədə də məlumatlar var. Samanta Lyutveyt 17 yaşında olarkən internet-çatda Cermen Lindsi ilə tanış olub və 3 il sonra ona ərə gedib. 2005-ci il iyulun 7-də baş verən terror aktından sonra Samanta Lyutveyt polisə ifadəsində bildirib ki, ərinin terror fəaliyyəti barədə heç nə bilmir və onun ekstremist baxışlarını bölüşmür.
Lakin Böyük Britaniya Samanta Lyutveytin 2007-ci ildə üç övladı ilə birlikdə Afrikaya yollandığı, Afrikada “Aş-Şabab” terrorçu qruplaşmasına qoşulduğunu yazır. O, həmin vaxtdan bu terrorçu qruplaşmanın tərkibində Somali, Keniya və Tanzaniyada terror aktlarının törədilməsində iştirak edir. Keniya polisi 2012-ci ildə Samanta Lyutveyt barədə axtarış elan edib. Məsələ ondadır ki, terror düşərgələrindən birində axtarış zamanı Samanta Lyutveytin fotoşəkli olan Cənubi Afrika pasportu çıxıb, ancaq pasportda başqa ad yazılıb. Keniya, Böyük Britaniya və ABŞ xüsusi xidmət orqanları ona “Ağ dul” adı veriblər. Kəşfiyyat məlumatlarına görə, Samanta Lyutveyt “Aş-Şabab” terror təşkilatında edam məsələsinə baxan əsas şəxslərdən biridir və terror fəaliyyəti nəticəsində toplanan vəsaitlərə nəzarət edir. Eyni zamanda Somalidəki terror düşərgələrində qadınlardan terrorçu-kamikadzelər hazırlayır.
Xatırladaq ki, sentyabrın 21-də terrorçuların “Uestqeyt” ticarət mərkəzinə hüxumu nəticəsində 69 nəfər öldürülüb, 63 nəfər itkin düşüb. Ticarət mərkəzində terrorçularla atışma hələ də davam edir.