Oktyabrın 17-də BMT Baş Assambleyasında BMT Təhlükəsizlik Şurasına 2 il müddətində qeyri-daimi üzv sevilən Səudiyyə Ərəbistanı gözlənilməz addım atıb.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlükdən imtina edib.
Səudiyyə Ərəbistanı indiyə qədər BMT Təhlükəsizlik Şurasının üzvü olmayıb və dünən bu ölkənin Asiya-Sakit okean ölkələri qrupundan namizəd olaraq BMT Baş Assambleyasında 191 səsdən 176-nı qazanması ciddi uğur sayılır. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilir ki, Ər-Riyadın bu addımı BMT-nin hərbi münaqişələrin tənzimlənməsinə real yardım etmək iqtidarında olmaması ilə bağlıdır. Səudiyyə Ərəbistanının BMT-nin Suriyaya hərbi müdaxilə barədə qərar verməməsindən narazı qaldığı da sirr deyil. Ər-Riyad suriyalı müxaliflərə açıq dəstək verir, müxaliflərə silah və pul yardımı etdiyini gizlətmir.
Qeyd edək ki, BMT Baş Assambleyasının dünənki iclasında Səudiyyə Ərəbistanı, Çili, Litva, Nigeriya və Çadı 2014-2015-ci illər üçün Təhlükəsizlik Şurasının üzvü seçiliblər. Bu dövlətlər gələn il yanvarın 1-dən BMT Təhlükəsizlik Şurasında Azərbaycan, Qvatemala, Pakistan, Mərakeş və Toqonu əvəzləməlidirlər. Avstraliya, Argentina, Lüksemburq, Ruanda və Cənubi Koreyanın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət müddətləri isə gələn il başa çatacaq.
Təhlükəsizlik Şurasının beş daimi (ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya) və iki il müddətinə seçilən 10 qeyri-daimi üzvü var. Təhlükəsizlik Şurasının daimi üzvləri veto hüququna malikdir.