"Atam indilərdə İstanbulun “Amerikan Hastanesi”nə köçürülüb".
Bu barədə Lent.az-a hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev məlumat verib. O bildirib ki, artıq atasının müalicəsi sözügedən xəstəxanada davam etdiriləcək:
"Həkimlər atamın köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər. Onun səhhətində isə heç bir dəyişiklik yoxdur".
Xatırladaq ki, Oqtay Güləliyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub.
Qeyd edək ki, hüquq müdafiəçisinin Türkiyədə müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Güləliyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Güləliyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Güləliyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub. Noyabrın 1-də Oqtay Güləliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Daha sonra xəstənin müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb və İstanbulun “Avrasiya” klinikasına köçürülüb.