Şagirdi döyən məktəblinin valideynlərinə İŞ AÇILDI  - YENİLƏNİB
04 oktyabr 2022 16:54 (UTC +04:00)

Şagirdi döyən məktəblinin valideynlərinə İŞ AÇILDI - YENİLƏNİB

Baş Prokurorluq Bakıda şagirdin döyüldüyü görüntülərlə bağlı açıqlama yayıb.

Qurumdan Lent.az-a daxil olan məlumatda bildirilir ki, sosial şəbəkələrdə Sabunçu rayonunda orta məktəbdə azyaşlı uşağın həmyaşıdı tərəfindən zorakılığa məruz qalmasına dair yayılmış videogörüntü ilə bağlı daxili işlər, aidiyyəti digər dövlət qurumları tərəfindən görülmüş tədbirlərlə yanaşı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində də araşdırma aparılıb.

Araşdırma nəticəsində İnzibati Xətalar Məcəlləsinin 512-ci maddəsi ilə yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərinin (və ya onları əvəz edən şəxslərin) məsuliyyətə cəlb olunması üçün əsas müəyyən edildiyindən, faktla bağlı inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Sabunçu rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına göndərilib.

Eyni zamanda, hadisənin baş verdiyi təhsil ocağında qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təqdimat aidiyyəti üzrə Elm və Təhsil Nazirliyinə göndərilib.

Baş Prokurorluq vətəndaşlara müraciət edərək uşaqların təlim-tərbiyəsində aidiyyəti təhsil ocaqlarının vəzifəli şəxslərinin məsuliyyəti olması ilə yanaşı valideynlərin də məsuliyyətli olduğunu xatırladaraq bu mühüm məsələyə lazımi diqqətin göstərilməsinin vacibliyini vurğulayır.

***
Saat: 13:35

Daxili İşlər Nazirliyi Bakıda məktəbdə şagirdin döyülməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sosial şəbəkələrdə məktəblilər arasında baş verən mübahisəni əks etdirən görüntülər arşdırılır: 

"Məktəbin 9-cu sinif şagirdlərdən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə edib. 

Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir".

***

saat 13:00

Bakıda məktəblinin öz sinif yoldaşı tərəfindən döyüldüyü görüntülərlə bağlı polis araşdırmalara başlayıb.

Lent.az-ın hadisə yerinə ezam olunmuş əməkdaşı xəbər verir ki, hazırda Sabunçu rayon 112 saylı tam orta məktəbinə polis əməkdaşları gəliblər. 

Polis məktəb rəhbərliyinin, hadisə şahidlərinin ifadəsini alır.

Hər iki şagirdin valideynləri də məktəbə dəvət olunub. Polis onları da dindirəcək. 

Lətif İsmayılov

***
Saat: 10:08

"Sosial şəbəkələrdə yayılan görüntülər sentyabrın 30-da baş verib".

Bu barədə Lent.az-a hadisə qeydə alınan 112 nömrəli tam orta məktəbdən məlumat verilib.

Bildirilib ki, məktəbdə sinif yoldaşını döyən şagird və valideynindən izahat alınıb:

"Sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər sentyabrın 30-da tənəffüz zamanı baş verib. Həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər.

Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb".

***

Saat 09:49

Bakıda məktəblərin birində şagird döyülüb.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müvafiq araşdırma aparılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb.

Qeyd edək ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür.

***

Saat 09:31

Bakıda məktəblərin birində şagird döyülüb.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə paytaxtın Sabunçu rayonunda yerləşən 112 saylı tam orta məktəbdə baş verib. Belə ki, yuxarı sinif şagirdlərindən bir oğlan öz sinif yoldaşını döyərək, ona xəsarət yetirir.

Görüntülər sosial şəbəkələrdə hiddətə səbəb olub və izləyicilər həmin şagirdin cəzalanmasını tələb ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a görüntülərdən məlumatlı olduqları bildirilib. Qeyd olunub ki, hazırda hadisə ilə bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 39198
avatar

Fidan İlqar

Oxşar yazılar