Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyükşor gölünün təmizlənməsinin ikinci hissəsinin icra edilməsi, Zığ gölünün təmizlənməsi layihəsinin həyata keçirilməsi davam etdiriləcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda Böyükşor və Zığ gölləri üzrə tədqiqat-mühəndislik, layihə-smeta və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədləri hazırlanır. Eyni zamanda, Böyükşor gölünün kompleks bərpası layihəsinin 2-ci fazası üzrə 380 hektarlıq hissəsinin dibinin təmizlənməsinə hazırlıq işləri görülür və yaxın vaxtlarda işlərə başlanacaq.
Qeyd edək ki, Böyükşor gölünün kompleks bərpası layihəsinin birinci fazasında gölün 300 hektara yaxın hissəsi bərpa olunub və ətraf ərazi təmizlənərək abadlaşdırılıb. Nəticədə gölün dibinin neftlə çirklənmə səviyyəsi Böyükşorun bərpası işlərindən əvvəlki 100000-120000 mq/kq-dan 2015-ci ildə 100-400 mq/kq-a enib. Ötən il göl suyunun ümumi neftlə çirklənmə göstəricisi isə 2014-cü ildəki 300-400 mq/l-dən 100-200 mq/l-dək azalıb.
Gölün Olimpiya stadionu sahilində salınmış Böyükşor bulvarında 80 min ağac və kol bitkisi əkilib.