Tarixdə maraq doğuran innovativ tədbirlərdən biri Columbia Universitetindən professor Wally Broecker və Klaus Lacknerin iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq məqsədilə atmosferdən karbon dioksid (CO₂) çıxaran süni ağac layihəsini irəli sürməsi olmuşdur. Bu texnologiya karbon tutma və saxlanma (carbon capture and storage – CCS) sistemlərinin inkişafında mühüm addım sayılır.
Qeyd edək ki, Wally Broecker (1931–2019) iqlim dəyişikliyi sahəsində tanınmış alimlərdən biri olub və "iqlim dəyişikliyi" terminini elmi kontekstdə populyarlaşdırıb. O, atmosferdəki karbon dioksid səviyyələrinin yüksəlməsinin iqlimə təsirlərini araşdırıb və bunun qarşısını almaq üçün müxtəlif texnoloji həll yolları təklif edib.
Klaus Lacknerə gəlincə isə, o, karbon tutma texnologiyalarının inkişafında aparıcı alimlərdən biridir. Onun rəhbərliyi ilə hazırlanan süni ağaclar atmosferdən CO₂ çıxarmaq üçün biomimetik prinsip əsasında işləyir. Təbiətdə real ağaclar fotosintez vasitəsilə CO₂-ni qəbul etsə də, süni ağaclar xüsusi sorbent materiallar vasitəsilə atmosferdən karbon dioksidi udur və daha sonra onu ayrılıb saxlana bilən formada təhvil verir.
Bəs, süni ağacların işləmə mexanizmi necə olur?
Bu proses atmosferdən CO₂-nin udulması konsepsiyasına söykənir. Belə ki, süni ağaclarda yerləşdirilmiş kimyəvi filtrlər karbon dioksidi havadan passiv şəkildə udur.
Daha sonra isə Klkarbonun sərbəst buraxılması baş verir. CO₂ yüksək temperatur və ya nəmlik tətbiq edilərək filtrdən ayrılır.
Toplanan karbon ya yeraltı anbarlara göndərilir, ya da alternativ olaraq sintetik yanacaq və ya sənaye xammalı kimi istifadə edilə bilər.
Süni ağacların üstünlükləri çoxdur. Hər şeydən əvvəl onlar effektiv nəticələr doğurur. Real ağaclarla müqayisədə onlar daha çox CO₂ udmaq gücünə malikdir.
İkincisi, bu layihə davamlılığı ilə fərqlənir. Şəhər mühitində, sənaye sahələrində və karbon emissiyasının yüksək olduğu yerlərdə tətbiq oluna bilər.
O, həmçiinin iqlim dəyişikliyi ilə mübarizədə çox faydalıdır. Fosil yanacaqlardan imtina etməyin çətin olduğu sahələrdə karbon emissiyalarını balanslaşdırmağa kömək edir.
Layihənin təcrübi baxımdan istifadəsi və perspektivlərinə gəlincə, qeyd edək ki, Lacknerin rəhbərliyi altında Arizona Dövlət Universitetində süni ağac prototipləri hazırlanıb. Tədqiqatçılar gələcəkdə bu texnologiyanı geniş miqyasda tətbiq etməyi və onun iqtisadi cəhətdən əlçatan olmasını təmin etməyi planlaşdırırlar.
Bu layihə, qlobal istiləşmənin qarşısını almaq üçün yalnız emissiyaların azaldılmasının kifayət etmədiyini və atmosferdə artıq mövcud olan CO₂-ni aktiv şəkildə çıxarmağın da vacib olduğunu göstərir.