Bakı-Qazax yolunda hərəkət məhdudlaşır.
Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, məhdudiyyət M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 343,2-ci kilometrində (Gəncə postu yaxınlığı) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədardır. Bu səbəblə martın 6-dan başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkətinin qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.