“İctimai yerlərdə siqaretdən istifadə məhdudlaşdırılmalıdır”
18 iyul 2009 16:30 (UTC +04:00)

“İctimai yerlərdə siqaretdən istifadə məhdudlaşdırılmalıdır”

Bu təkliflər millət vəkili Mübariz Qurbanlı çıxış edib

“Azərbaycanda tütün və tütün məlumatlarından istifadə ediləcək ictimai yerlərin sayı məhdudlaşdırılmalı və konkretləşdirilməlidir. Bura restoranlar, kafelər, internet klublar, istirahət yerləri, təyyarə limanlarının vağzalları kimi insanların kütləvi toplaşdığı yerlər daxil edilməlidir”.

Bunu Lent.az.a açıqlamasında Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Qeyd edək ki, iyulun 19-dan Türkiyədə ictimai yerlərdə siqaretdən istifadəni qadağan edən qanun qüvvəyə minir. Keçən ilin mayında siqaret çəkilən yerlərə qismən məhdudiyyət gətirilmişdi, məsələn, küçədə, parklarda siqaret çəkmək mümkün idi. Ancaq bu həftənin bazar günündən bütün ictimai yerlərdə, hətta otel otaqlarında belə tütün və tütün məmulatlarından istifadə qadağandır. Bu qadağanı pozanlar cərimə olunacaqlar.

Millət vəkili deyib ki, Azərbaycanda “Tütün və tütün məmulatları” haqqında qanun var və həmin qanunda azyaşlılara, yetkinlik yaşına çatmayanlara tütün və tütün məmulatlarının satışı, o cümlədən insanların kütləvi toplaşdıqları yerlərdə siqaret çəkilməsi ilə bağlı müəyyən qadağalar var: “Amma qanunda konkretlik olmadığına görə indi onun tətbiqində müəyyən problemlər yaranır. Əgər tütün və tütün məmulatlarından istifadə qadağan edilən yerlər qanunla konkretləşdirilsə, cərimələr və sanksiyalar tətbiq olunsa, Mülki Məcəllədə də bunlar əksini tapsa, o halda bu problemlər aradan qalxar. Türkiyə və Avropa ölkələrində siqaretdən istifadə edilməsini məhdudlaşdıran yerlərin sayı Azərbaycanda olduğundan çoxdur “.


Mübariz Qurbanlı hesab edir ki, ya Tütün və tütün məmulatları haqqında mövcud qanuna əlavə və düzəlişlər etmək, yaxud yeni bir qanun qəbul etməklə məsələni yoluna qoymaq olar: ”Məndə olan məlumata görə, Milli Məclisin Sosial siyasət komitəsində bununla bağlı layihə üzərində fikir mübadiləsi aparılır”.

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583

Oxşar yazılar