Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən “Mahathir Qlobal Sülh Məktəbi” beynəlxalq forumunda Xocalı soyqırımı anılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, forumda ölkəmizi təmsil edən azərbaycanlı tələbə Elmar İskəndərov tədbirdə bütün münaqişələrin qeyd olunduğunu, amma ölkəsində bu günə kimi davam edən münaqişədən söz açılmadığını və bundan iştirakçıların xəbərsiz olduqlarını vurğulayaraq Dağlıq Qarabağ münaqişəsini və Xocalı soyqırımını forumun panel sessiyalarına daxil etməyə nail olub. Tədbir zamanı Dağlıq Qarabağ münaqişəsi və erməni hərbi birləşmələrinin Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı etdikləri vəhşiliklərindən və günahsız əhalini amansızcasına öldürərək soyqırım törətmələri haqda geniş məlumat verilib və iştirakçıların “Xocalıya ədalət!” qlobal kampaniyasına dəstək olmalarına çağırış edilib. Forumun iştirakçıları Xocalı soyqırımını törədən işğalçı Ermənistanı tənqid edərək işğala son qoymasını tələb ediblər.
Qeyd edək ki, Beynəlxalq Forum sülh və münaqişələrin həll edilməsi üzrə xarici və yerli
ekspertlər, sülh üzrə Nobel mükafatçıları, Malayziya və İndoneziyanın dövlət rəsmiləri, xarici ölkələrdən 40 sülh fəalının, o cümlədən Malayziya və İndoneziyadan tələbələrin iştirakı ilə keçirilir. Beynəlxalq forumun missiyası dövlətlərarası münasibətlər və diplomatiya, münaqişələrin həll olunması və qlobal sülhə nail olmaqdır.