Ukrayna azərbaycanlıları Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi
25 fevral 2014 19:16 (UTC +04:00)

Ukrayna azərbaycanlıları Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi

Xocalı soyqırımının 22–ci ildönümü Ukraynada da qeyd edilib. Ukrayna Azərbaycanlı Gənclər Birliyindən (UAGB) Lent.az-a verilən məlumata görə, Dnepropetrovsk, Xarkov və Odessa şəhərlərində soyqırımla bağlı müxtəlif tədbirlər keçirilib.

 

 

UAGB, ASAİF–in və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk  vilayət təşkilatının təşəbbüsü ilə keçirilən anım mərasimində Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunduqdan sonra Dnepropetrovsk Gənclər mərkəzində keçirilən anım mərasimində UAGB Dnepropetrovsk Vilayət təşkilatının sədri Elza Bəkirova, Dnepropetrovsk Vilayətinin deputatı Fəxrəddin Muxtarov, Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev, Konqresin sədr müavinləri Zöhrab Nəcəfov, Nəcəf Əhmədov, UAGB sədri Anar Tahirov və digərləri çıxış edərək ermənilərin son 2 əsrdə Azərbaycan xalqına və torpaqlarına qarşı həyata keçirtdikləri soyqırımı və işğalçılıq siyasətindən danışıblar.

 

İqtisadi, hərbi qüdrətinə görə Azərbaycanın bölgədə lider dövlətə çevrilməsindən söz açan natiqlər Azərbaycanın ali baş komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunacağına əminliklərini bildiriblər. Sonra tədbirə qatılanlar Azərbaycan və Ukrayna televiziyalarının birgə hazırladığı “Qarabağ tarixin burulğanında” filminə baxmaqla  özlərini beynəlxalq arenaya yazıq və məzlum xalq kimi təqdim edən erməni hiyləgərliyinin əsl mahiyyəti ilə  tanış olublar. Filmə baxdıqdan sonra çıxış edən Dnepropetrovsk Vilayət Administrasiyasının Gənclər şöbəsinin sədr müavini Aleksander Zolotouxin və digər şəxslər  ermənilərin Xocalı şəhərində törətdiyi vəhşilikləri insanlığa yönəlik  bəşəri cinayət adlandırıblar. Anım mərasimində Xocalı soyqırımına hüquqi siyasi qiymət verilməsi üçün beynəlxalq təşkilatlara müraciət qəbul olunub.

 

 

# 433
avatar

Oxşar yazılar