APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir ABŞ Müdafiə Nazirliyinin hərbi Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin (DTRA), Böyük Britaniya Müdafiə Nazirliyinin və Avropa Birliyinin təşəbbüsü ilə həyata keçirilir.
Tədbiri Gürcüstanın Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirinin müavini Mariam Caşi açaraq konfrans iştirakçılarını salamlayıb. O, çıxışında tədbirin böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Biz bir daha təsdiq etdik ki, bu sahədə işləməyə hazırıq. Biz ABŞ-ın köməyi ilə böyük layihələr həyata keçirərək DTRA-nın təşəbbüsü ilə ictimai səhiyyənin imkanlarını və regionda əməkdaşlığı genişləndirəcəyik. Biz ABŞ, Böyük Britaniya, Almaniya və Avropa Birliyi ilə əlaqələri möhkəmləndiririk, eyni zamanda yeni təşəbbüslərə və əməkdaşlığa həmişə hazırıq. Bununla biz təhlükəni aradan qaldırmaq istəyirik.”
Sonra tədbirdə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin direktor müavini Paata İmnadze, Gürcüstan Elmlər Akademiyasının vitse-prezidenti Georgi Kvesitadze, Avropa Birliyi və Böyük Britaniyadan gələn nümayəndələr və başqaları çıxış ediblər. Çıxışçılar iki gün keçiriləcək konfransın məqsədi barədə fikirlərini bildiriblər: “ Məqsədimiz bioloji təhlükəsizlik sahəsində təcrübə mübadiləsi aparmaq, bioloji materialların saxlanması, eyni zamanda monitorinq keçirilməsi, xüsusi təhlükəli infeksiyaların müəyyən edilməsidir. Tədbirdə bioloji riskin qiymətləndirilməsi və son diaqnostika üsullarının əhəmiyyətinə, toksinlərin və təhlükəli patogenlərin laboratoriya xaricində sızması ehtimallarının azaldılmasına xüsisi diqqət veriləcək.”
Konfransda Azərbaycanı 10-dan çox nümayəndə təmsil edir. Tədbirdə Azərbaycanın Səhiyyə Nazirliyinin Taun əleyhinə stansiyasının laboratoriya müdiri, tibb elmləri namizədi Sədrəddin Qurbanov biotəhlikəsizlik və laboratoriyalarda taunla mübarizə üzrə biomüdafiə məsələləri barədə çıxış edib. Azərbaycan nümayəndəsinin çıxışı maraqla qarşılanıb.
Azərbaycanın Səhiyyə Nazirliyinin Taun əleyhinə stansiyasının direktor müavini, Mərkəzi Asiya və Qafqaz ölkələrinin Biotəhlükəsizlik Assosiasiyasının rəhbərlərindən biri olan Şair QurbanovAPA-ya açıqlamasında post sovet ölkələri arasında Azərbaycanın biotəhlükəsizlik sahədə daha çox iş gördüyünü bildirib: “Azərbaycanın bütün bölgələrində biotəhlükəsizlik laboratoriyaları yaradılıb, müasir avadanlıqlarla təchiz edilib. Burada işləyən mütəxəssislər xaricdə və Azərbaycanda təhsil alaraq indi ölkəmizdə çalışırlar. Biz, eyni zamanda konfaransda fikir mübadiləsi aparır, yenilikdən xəbərdar olur və onu elmi cəhətdən ölkəmizdə tətbiq edirik.”
Konfransda müxtəlif ölkələrin - Qafqaz və Mərkəzi Asiya, ABŞ müdafiə orqanlarının, AB, BMT, Böyük Britaniya, Əfqanıstan, Pakistan, Monqolustan, İspaniya ölkələrindən gələn alim və ictimai səhiyyə işçiləri iştirak edir.