“Seçki zamanı seçicilərin və bu prosesi həyata keçirən şəxslərin təhlükəsizliyi tam təmin edilir”.
APA-nın məlumatına görə, bunu daxili işlər nazirinin müavini Oruc Zalov Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda çıxışı zamanı deyib.
O. Zalov əvvəlcə daxili işlər orqanlarının seçkilərdə qarşısında duran vəzifələrdən danışıb.
O deyib ki, Daxili İşlər Nazirliyinin (DİN) və digər hüquq-mühafizə orqanlarının səmərəli işinin nəticəsidir ki, ölkədə sabitlik mövcuddur. Onun sözlərinə görə, bu gün ölkədə kriminogen durum nəzarət altındadır: “Bu gün Azərbaycanda elə bir narahatçılıq doğuran şərait yoxdur. Allah uzaq eləsin, hansısa terror aktları baş vermir. Aparılan profilaktik tədbirlər nəticəsində cinayət hadisələrinin qarşısı baş verməmişdən öncə alınır. Azərbaycan nəinki bölgədə, keçmiş SSRİ-də, hətta onu əhatə edən coğrafiyada ən sabit və sakit ölkədir. Bu ölkələrlə müqayisədə Azərbaycan ən az cinayət halları baş verən ölkədir. 100 min nəfərə cəmi 232 cinayət hadisəsi baş verir. Bu da çox aşağı göstəricidir”.
O. Zalov sabitliyin ölkənin ən ucqar regionlarında da mövcud olduğunu deyib: “Bu gün Azərbaycan gələn yüzlərlə, minlərlə turist ölkədə istənilən vaxt istirahət edə və gəcə bilirlər. Hazırda polisin maddi-texniki bazası o qədər genişlənib ki, ölkə ərazisi müasir avadanlıqlar vasitəsilə nəzarət altında saxlanılır”.
Qarşıdan gələn prezident seçkilərinə toxunan O. Zalov bildirib ki, polisin, hüquq-mühafizə orqanlarının üzərinə düşən əsas vəzifələrdən biri də ölkədə mövcud olan sabitliyi qoruyub saxlamaq və təmin etməkdir.