Azərbaycan Milli Məclisinin deputatları Rauf Əliyev, Siyavuş Novruzov və Xanlar Fətiyev Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün bu gün Almaniyaya gediblər.
Milli Məclisdən APA-ya verilən məlumata görə, Berlində Xocalı qətliamına etiraz olaraq “Almaniyada Azərbaycan Evi” tərəfindən təşkil olunmuş mitinqin keçirilməsi nəzərdə tutulur.
Geniş ictimaiyyətin təmsilçilərinin qatılacağı aksiyada Dağlıq Qarabağ münaqişəsi, xüsusilə Xocalı hadisələri zamanı ermənilərin azərbaycanlılara qarşı yürütdüyü soyqırımı siyasəti barədə ətraflı məlumat veriləcək, Xocalı faciəsini əks etdirən müxtəlif materiallar nümayiş olunacaq, qətlə yetirilən soydaşlarımızın xatirəsi anılacaq.
Tədbirdə Xocalı soyqırımının dünyada tanıdılması, ayrı-ayrı ölkələrin qanunvericilik orqanlarında, beynəlxalq təşkilatlarda bu faciəyə layiqli qiymət verilməsi istiqamətində göstərilən səylərdən bəhs ediləcək. Səfər martın 2-də başa çatacaq.