Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Bu barədə APA-ya məlumat verən KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, iclasda qərarların icra vəziyyəti, təşkilatı məsələlər müzakirə olunub: “İclasda 20 Yanvar tədbirlər planı, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi, 2014-cü ildə AXC-nin yaradılmasının 25 illiyi ilə əlaqədar müəyyən təkliflər səslənib və bu istiqamətdə qərarlar qəbul edilib”.
M. Mirəlioğlu qeyd edib ki, iclasda Milli Şurada yaranmış vəziyyət də müzakirə olunub və qərara alınıb ki, partiya bu barədə mövqeyini qurumun yanvarın 16-da keçiriləcək sessiyasında açıqlasın: “İdarə Heyətində Milli Şuranın sədri Cəmil Həsənli və partiya sədrləri ilə keçirilən görüşlərimiz dəyərləndirildi. Milli Şura ilə bağlı yekun sözümüzü sessiyada bildirəcəyik. Hesab edirəm ki, indiyədək Milli Şurada təmsil olunanların istər istefaları, istərsə də digər qərarları qurumun sessiyasında açıqlanmalı idi”.