Prezidenti İlham Əliyev bu gün Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, Yevgeni Kuyvaşev Rusiya Federasiyasının Sverdlovsk vilayəti ilə Azərbaycan arasında mövcud uzunmüddətli dostluq əlaqələrindən söz açıb: “Bu əlaqələrin əsası Azərbaycan xalqının ümummilli lideri, böyük şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulub”. Qonaq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Sverdlovsk vilayətinə səfərini və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin qeyd olunduğunu məmnunluqla xatırladıb.
Yevgeni Kuyvaşev Ural Federal Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasını əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini və Azərbaycan müəssisələri ilə uğurlu işbirliyi qurulduğunu vurğulayan Yevgeni Kuyvaşev ölkəmizlə Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsinin artan templərlə genişləndiyini qeyd edib.
Dövlət başçısı Azərbaycanla Rusiya Federasiyası və onun subyektləri arasında ticarət dövriyyəsinin yüksələn xətlə inkişaf etdiyini və bunun üçün bütün şəraitin yaradıldığını deyib. O, Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığın gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını qeyd edib.