"2013-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında əlamətdar hadisə baş verib. Yanvar ayında sessiyada Azərbaycana qarşı əsassız, qərəzli, ikili standartlar əsasında təşkil edilmiş hücum fiaskoya uğrayıb”.APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı giriş nitqində bəyan edib. Ölkə başçısı bildirib ki, Assambleyada böyük əksəriyyət antiazərbaycan kampaniyasına qoşulmayıb, bu, kampaniyanın təşəbbüskarlarını, o cümlədən pərdəarxası təşəbbüskarlarını məyus edib və Azərbaycanın haqlı mövqeyini müdafiə edib: “Siyasi amillərlə şərtlənən qətnamənin layihəsi keçmədi, Azərbaycanın mövqeyi üstünlük təşkil etdi. Beləliklə, Azərbaycan beynəlxalq arenada növbəti qələbə qazanıb”.
Dövlət başçısının sözlərinə görə, bu hadisə bir də onu göstərib ki, haqq-ədalət həmişə zəfər çalmalıdır: “Azərbaycan öz prinsipial, ədalətli mövqeyini nümayiş etdirdi və Assambleyanın qərarı antiazərbaycan qüvvələrinə vurulan ən böyük zərbələrdən biridir. Hesab edirəm ki, bundan sonra onlar və onların arxasında dayanan antiazərbaycan qruplaşmalar özləri üçün nəticə çıxaracaqlar”.